Dünyada yaşayan 80 milyonluq azərbycanlıların bir Vətəni var, o da Azərbaycan dövlətidir. Ana vətənimiz olan Azərbaycan bizlər üçün müqəddəsdir. Vətən satılmır, dəyişmir və heç zaman yaşlanmır, əzəli və əbədidir, daim cavan, hər zaman yeni və müasirdir. Ulularımızdan bizlərə əmanət qalan doğma Vətənimizi qoruyub-saxlamaq və inkişaf etdirmək bizlərin müqəddəs vəzifəmiz, amalımız və hədəfimizdir. Doğma Azərbaycanı hər halında onu sevmək və təbliğ etməliyik. Hansısa məqamda yaranan məişət problemi, nöqsan və çatışmazlıq Vətəndən üz döndərmək üçün əsas olmamalıdır. Ancaq elə insanlar var ki, yalnız mədəsini və cibini düşünür. Onu Vətənin mənafeyi, xalqın maraqları düşündürmür. Lazımı məqamda sifarişlər əsasında dogma Vətəni olan Azərbaycana qarşı düşmən kəsilir, təxribatlar törətməyə cəhdlər edir. Buna misal olaraq xaricdəki antimilli ünsürlərin müxtəlif ölkələrdə oturub dövlətimizin imicinə ləkə vurmaq üçün dəridən-qabıqdan çıxmalarını göstərmək olar. Son günlər isə fars-molla rejiminin xortdan mollalarının göstərişlərinə uyub, ümumtəhsil müəssisələrinin önündə müəllim və şagirdlərlə qarşıdurma yaradan pozucu qüvvələrdə ölkəmizə düşmən kəsilənlərin siyahısına qoşulublar. Nədən Azərbaycan hədəf seçilib? Niyə məhz 44 günlük Vətən müharibəsində qazanılan parlaq hərbi, siyasi, diplomatik qələbədən sonra bir-birinə az qala rəqib olan qüvvələr də bir araya gələrək ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edirlər? Cavabı aydındı, Azərbaycan dünyanın orta güc mərkəzinə çevrilib. Ölkəmiz dünyada diktə edən, irəli sürdüyü ideyalarını, təkliflərini qəbul etdirən dövlət olub. Azərbaycan xalqı dünyada ən hörmətli, qalib xalq olaraq tanınır. Ölkəmiz ətrafında müharibələrin, münaqişələrin dövr etdiyi, şəhərlərin dağıdıldığı, insanların kütləvi şəkildə qətlə yetirildiyi regionda sabitlik adasıdır. Xaricdən ölkəmizə axın edilir. Çünki Azərbaycan əksər dövlətlərdən daha sakit və təhlükəsizdir. Bu kimi möhtəşəm uğurlar bir sıra xarici qüvvələri, hətta aparıcı dövlətləri ciddi narahat edir. Onlar Azərbaycanı hədəf seçir. Milyonlar, milyardlar xərcləyir, muzdlu dəstələr, təxribatçı qruplar formalaşdırır ki, Azərbaycanın daxilində sabitliyi pozmağa müffəq olsunlar. Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində vahid geyim formasının tətbiq olunması ilə bağlı qərarından öz çirkin məqsədləri, məkrli planları üçün istifadə etməyə çalışan məkrli dairələr müxtəlif vasitələrlə ələ aldıqları "desantnik"lərini məktəblərinin önünə göndərirlər. Öyrədilmiş təxribatçı şəxslər məktəblərin şüşələrini sındırır, müəllimlərə, şagirdlərə hörmətsizlik göstərir, avtomobilləri yandırırlar. Bu hal birbaşa cinayətdir, hüquq pozmaqdır. Həm də şagirdlərin normal təhsil almalarına bilərəkdən maneçilik törətməyə cəhddir. Nəzərə alınmalıdır ki, vahid məktəbli formasının tətbiqi heç də yeni deyil. Bir qədər əvvəl də belə bir qayda mövcud idi. Sadəcə, qaydalar qanun halına salınmamışdı. O zaman valideynlər və uşaqlar qaydalara tam riayət edir və məktəbə vahid geyim formasında gəlirdilər. Elə ki, Nazirlər Kabineti rəsmi qərar verdi, pozuculuq aktları hazırlamağa meyilli qüvvələr fəallaşdılar. Sanki bu qərarı gözləyirdilər.
Nazirlər Kabinetinin qərarında yeni qadağa yoxdur, mövcud qanunun ardıcıl tətbiqi var. Bunu pozuculuq aktları həyata keçirməyə çalışan qüvvələr dərk etmək istəmirlər. Çünki müstəqil deyillər. Fars-molla rejimindən əlavə təlimatlar və maliyyə yardımları almaları qarşılığında pozuculuq aktları törətməyə cəhdlər edirlər. Sual olunur, son vaxtlara qədər, vahid məktəbli formasında istifadə olunduğu halda niyə indi bu qaydalar narazılıqla qarşılanır? Səbəbi bəllidir, o zaman fars-molla rejiminin onlara birmənalı göstərişi yox idi. İndi isə belə bir tapşırıq verilib.
Bir faktı qeyd edim ki, oktyabrın 13-də Binə qəsəbəsi 136 saylı məktəbə daşlarla basqın edilib və nəticədə biri şagird, digəri müəllim olmaqla iki nəfər yaralanıb. Hadisə yerinə təcili yardım çağırılıb. Sual olunur, o şagirdin və müəllimin nə günahı var, niyə onlar təhdid olunur? Belə faktlar onu deməyə əsas verir ki, fars –molla rejiminin əlaltıları şiddət və zorakılıq metodları ilə müəllimləri və şagirdləri məktəbə getməkdən çəkindirməyə çalışırlar. Yəni təhsil prosesini pozmağa çalışırlar. Ölkəmizin Konstitusiyasının 7-ci madəsinə görə, Azərbaycan dünyəvi respublikadır Həmin Ana yasanın 18-ci madəsinə görə isə din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu halda hər kəs qanunlara əməl edib, vahid geyim formasından istifadə etməlidir. Nəzərə almaq lazımdır ki, dünyanın demokratik ölkələrində vahid geyim forması mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri bu yanaşmanı dəstəkləyir. Dahlab İsveçrəyə qarşı (2001) işində müəllim üçün məhdudiyyət qəbul edilib. Leyla Şahin Türkiyəyə qarşı (2005) işində təhsil müəssisəsində məhdudiyyət qəbul edilib.
Məktəbdə uşaq ilk növbədə şagirddir. Vahid məktəbli forması sosial, dini və maddi fərqləri sinifdən kənarda saxlayır. Bunu anlamaq üçün müstəqil düşüncə olmalıdır, bu isə təxribatçı kəsimdə yoxdur. Çünki təsir altındadırlar. Əslində, qız uşaqlarına sərbəstlik və seçim azadlığı verilməlidir. Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, azyaşlı qız uşaqları baş geyimi ilə məktəblərə getmək istəmirlər. Onları buna valideynləri məcbur edir. Hansı ki, həmin valideynlər bu və digər formada müxtəlif qüvvələrə bağlıdırlar.
Dövlətin hədəfi uşaqların, bilikli, savadlı, sağlam böyüməsinə yardımçı olmaqdır. Bunun üçün qanunlar qəbul edir, dövlət proqramları təsdiqləyir. Dövlətin məqsədi qızları məktəbdən uzaqlaşdırmaq deyil, məktəbdə saxlamaqdır. Fikir verin, təxribatlar seriya xarakter alsa da, bu günə qədər heç qız və ya onların valideynləri cəzalandırılmayıb. Valideynlərlə maarifləndirici söhbət aparılır, keçid üçün onlara vaxt verilir. Bir məsələni də unutmaq olmaz ki, uşaqların üzərində dini təzyiq onların müstəqil düşünmək və qərarlar vermək imkanından məhrum edir. Dövlət vahid geyim forması tətbiq etmək və digər müsbət addımlar atmaqla uşaqlara dəstək olur, himayədarlıq edir. Yetkinlik yaşına çatdıqdan sonra hər bir uşaq öz seçimini edəcək. Məktəb bu seçimi indidən heç kimin onun əvəzinə etməməsini təmin edir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB