Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.

Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.

Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsi və dəniz təhlükəsizliyi sahəsində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Beynəlxalq simpoziumda iştirak və keçirilən ikitərəfli görüşlər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin beynəlxalq əlaqələrinin inkişafı, tərəfdaş ölkələrin hərbi dəniz qüvvələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə