"Azərbaycan öz gücünə arxalanaraq müstəqil siyasətini davam etdirir" - POLİTOLOQ

"Azərbaycan öz gücünə arxalanaraq müstəqil siyasətini davam etdirir" - POLİTOLOQ

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı bir sıra mühüm məsələləri əhatə edirdi. İlk növbədə, dövlət başçısı Azərbaycanın milli-mənəvi dəyərlərə əsaslanan siyasətini və dövlətçilik prinsiplərini vurğuladı. Eyni zamanda, ölkənin iqtisadi inkişafı, beynəlxalq bazarlara çıxışı və əldə etdiyi nailiyyətlər barədə danışdı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın enerji məhsulları ilə dünya bazarlarına çıxışı, logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin və Orta Dəhlizin əhəmiyyəti, İpək Yolu ilə bağlı layihələr diqqətə çatdırıldı. Bununla yanaşı, ölkəyə xarici investisiyaların cəlb olunması və Azərbaycanın xarici dövlətlərə yatırdığı investisiyalar məsələsinə toxunuldu:

"Çıxışda Yeni Azərbaycan Partiyasının fəaliyyəti və ötən illər ərzində həyata keçirilən siyasət də xüsusi yer tutdu. Bu siyasətin Azərbaycanın milli maraqlarına, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xalqın mənafelərinin qorunmasına xidmət etdiyi vurğulandı.

Prezidentin çıxışında İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və Azərbaycanın ərazi bütövlüyünün bərpası da mühüm yer tuturdu. Azərbaycan xarici dəstəkdən asılı olmadan, öz iqtisadi və hərbi gücünə arxalanaraq torpaqlarını işğaldan azad etdi. Ölkəmizin hərbi potensialının gücləndirilməsi və müstəqil qərarlar qəbul etmək imkanlarının genişləndirilməsi bu nailiyyətlərin əsas amillərindəndir.

Daxili siyasətdən xarici siyasətə keçid edərkən Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərinin düzgün və balanslı şəkildə qurulması məsələsi də diqqət mərkəzində oldu. İstər qonşu ölkələrlə, istərsə də coğrafi baxımdan uzaqda yerləşən dövlətlərlə iqtisadi, siyasi və diplomatik əlaqələrin inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi, müqavilələrin imzalanması və vizasız rejimlərin tətbiqi istiqamətində görülən işlər qeyd edildi.

Prezidentin çıxışından aydın olur ki, Azərbaycan öz gücünə, iqtisadi imkanlarına və müstəqil siyasətinə arxalanaraq beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməyə davam edir. Ölkəmiz həm hərbi sahədə, həm də iqtisadi və diplomatik istiqamətlərdə müstəqil qərarlar qəbul etmək prinsipini əsas götürür.

Qurultaydan sonra baş verən proseslər də göstərir ki, Azərbaycanın müstəqil siyasəti bəzi xarici dairələrdə narazılıq doğura bilər. Bu narazılıqların ölkəmizdəki daxili proseslərə təsir göstərmək cəhdləri ilə müşayiət olunduğunu düşünürəm. Lakin hər bir dövlətin daxili siyasətinə hörmətlə yanaşılmalı, Azərbaycanın gələcəyi və inkişaf istiqamətləri ilə bağlı qərarlar ölkəmizin milli maraqları əsasında qəbul edilməlidir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışının əsas mesajlarından biri də məhz budur: Azərbaycan öz gücünə arxalanaraq müstəqil siyasətini davam etdirir. Xarici təzyiqlər və müxtəlif siyasi yanaşmalar ölkəmizin müəyyən etdiyi inkişaf yolunu dəyişdirmir. Əksinə, müstəqilliyin, milli maraqların və dövlətçilik prinsiplərinin qorunmasının əhəmiyyətini bir daha ön plana çıxarır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə