"Azərbaycan Asiya bazarlarına açılmaqla ticarət risklərini azalda və iqtisadi imkanlarını genişləndirə bilər" - ŞƏRH

"Azərbaycan Asiya bazarlarına açılmaqla ticarət risklərini azalda və iqtisadi imkanlarını genişləndirə bilər" - ŞƏRH

"Azərbaycanın istənilən halda ticarəti şaxələndirməsi alternativlər baxımından dəyərləndirilir. Yəni biz nə qədər çox alternativə sahib olsaq, risklər də bir o qədər az olar. Bilirsiniz ki, konkret bir istiqamətə yönələrək həmin istiqamətdə ticarət etmək riski yüksəldir".

Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, çünki o istiqamətdə hər hansı bir narahatlıq yaranarsa, bizim ticarətimiz və iqtisadi əlaqələrimiz riskə düşər: "Amma çoxsaylı iqtisadi-ticari istiqamətlərdə əməkdaşlığımız olsa, günün birində bunlardan hansındasa problem yarananda alternativlər üzərindən işimizi davam etdirə bilərik.

Alternativlər baxımından Asiya ölkələri ilə əlaqələri dəyərləndiririk. Digər tərəfdən, unutmamalıyıq ki, dünyanın ən nəhəng ticarət mərkəzlərindən biri məhz Asiyada yerləşir. Bu, Çindir. Çinlə bərabər, Yaponiya, Cənubi Koreya, Hindistan kimi nəhəng ticarət-iqtisadi imkanlara malik dövlətlər də Asiyada yerləşir. Eləcə də Asiyada yatırımlar və investisiyalar üçün çox geniş imkanlar var. Azərbaycan dövləti bu istiqamətdə də imkanları dəyərləndirə bilər.

Yeri gəlmişkən, Kambocanın baş nazirinin Azərbaycana səfəri də bu baxımdan dəyərləndirilməlidir. Qarşımızda Asiyada çox böyük bazar və böyük imkanlar var. Bu, qarşılıqlı iqtisadi maraqlar baxımından olduqca əlverişlidir. Həm də həmin region ölkələri siyasi baxımdan Azərbaycana münasibətdə sabitdirlər. Məsələn, Avropa ölkələri, Rusiya və yaxınlığımızda yerləşən İran bizim üçün risk bölgəsi sayıla bilər. Görürsünüz, Rusiya müharibə içindədir, problemlərimiz var. İran müharibə içindədir, problemlərimiz var. Halbuki hər ikisi ilə həmsərhədik.

Amma Asiya ölkələri ilə həmsərhəd deyilik. Üstəlik, onların Azərbaycanla heç vaxt problemləri olmayıb və olacağı da gözlənilmir. Yəni biz artıq o boşluğu doldurmaq haqqında düşünməliyik. Mümkün qədər Asiya ölkələrinə açılmalıyıq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə