"Minalar işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı ləngidən əsas amillərdəndir" - EKSPERT DANIŞDI

"Minalar işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı ləngidən əsas amillərdəndir" - EKSPERT DANIŞDI

"Təəssüflə qeyd etməliyik ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə yönəltməli olduğu milyonlarla vəsaitin bir hissəsi minaların təmizlənməsinə sərf olunur. Bu, könüllü seçim deyil, yaranmış vəziyyətin zəruri nəticəsidir".

Bunu SİA-ya açıqlamasında media ekspert Azər Həsrət deyib.

Media eksperti sözlərinə belə davam edib:

"Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərinin geniş şəkildə minalanması bu gün də ciddi təhlükə mənbəyi olaraq qalır. Hətta təmizləndiyi bildirilən ərazilərdə belə mina təhlükəsi tam aradan qalxmaya bilər. Unutmamalıyıq ki, mina gizli düşməndir. Ərazi nə qədər təmizlənsə də, müxtəlif səbəblərdən gözdən qaçan minalar sonradan partlayaraq insanlara və digər canlılara zərər yetirə bilər.

Mina problemi Azərbaycan üçün olduqca ciddi məsələdir və işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı ləngidən əsas amillərdən biri hesab olunur. Hər hansı ərazidə bərpa və quruculuq işlərinin aparılması, yeni yaşayış məntəqələrinin salınması üçün həmin ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənməlidir.

İşğal dövründə həmin ərazilərin uzun illər minalanması bu prosesi daha da çətinləşdirib. Müharibə başa çatdıqdan və torpaqlar azad olunduqdan sonra ərazilərin təhlükəsizliyinin təmin edilməsi, təmizlənməsi və məskunlaşdırılması vacib məsələyə çevrilib. Mina təhlükəsi isə sakinlərin doğma yurdlarına qayıdışını müəyyən dərəcədə gecikdirir.

Bununla belə, Azərbaycan dövləti ərazilərin mümkün qədər qısa müddətdə minalardan təmizlənməsi, yeni evlərin tikilməsi, şəhər və kəndlərin salınması, yolların çəkilməsi və sakinlərin doğma yurdlarına qayıtması istiqamətində işləri davam etdirir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə