“Azad olunmuş ərazilərdə mina təmizlənməsi prioritet məsələdir” - DEPUTAT DANIŞDI
““Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Burada həyata keçirilən tədbirlər, ilk növbədə, həmin torpaqların təhlükəsizliyinin təmin olunmasına və insanların doğma yurdlarına qayıdışı üçün zəruri şəraitin yaradılmasına yönəlib. İşğal dövründə geniş ərazilərin minalanması bu prosesin qarşısında duran ən ciddi maneələrdən biridir”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, Mina təhlükəsi yalnız infrastrukturun bərpasına deyil, eyni zamanda insanların həyatına birbaşa təhdiddir:
”Buna görə də azad olunmuş ərazilərdə mina təmizlənməsi prioritet məsələ kimi müəyyən edilib. Bu sahədə xüsusi texnika, müasir texnologiyalar və peşəkar mütəxəssislər cəlb olunaraq geniş əməliyyatlar həyata keçirilir. Ərazilər mərhələli şəkildə yoxlanılır, minalar və partlamamış hərbi sursatlar zərərsizləşdirilir.
Ermənistan isə hələ də dəqiq mina xəritələrini təqdim etməyib. Dəqiq məlumatların olmaması işi çətinləşdirir və əlavə vaxt tələb edir.
Təəssüflə qeyd etməliyik ki, 2020-ci il Vətən müharibəsindən sonra Ermənistanın basdırdığı minalar nəticəsində 419 Azərbaycan vətəndaşı mina qurbanı olub. Bu müddətdə 72 nəfər həlak olub, 347 nəfər isə ağır yaralanıb. Münaqişənin başladığı dövrdən etibarən ümumi mina qurbanlarının sayı 3400-dən çoxdur.
Ümumiyyətlə, minatəmizləmə fəaliyyəti yüksək risk və fədakarlıq tələb edən bir missiyadır. Təsadüfi deyil ki, minatəmizləmə zamanı həlak olmuş şəxslərin ailələrinə Prezident təqaüdü də təsis edildi və bu, dövlətin sosial siyasətində insan amilinin prioritet olduğunu bir daha nümayiş etdirir. Bu, həm maddi, həm də mənəvi dəstək kimi qiymətləndirilməlidir.
Mina təmizləmə işləri ilə paralel olaraq, azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti və bərpa layihələri icra edilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, körpülər, elektrik və su xətləri çəkilir, müasir kommunikasiya sistemləri yaradılır. “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında həyata keçirilən layihələr regionun dayanıqlı inkişafına xidmət edir. Məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, insanların normal həyat şəraitinə qayıtması üçün hərtərəfli imkanlar yaradılır.
Azad olunmuş torpaqlarda aparılan mina təmizlənməsi və bərpa tədbirləri insanların təhlükəsiz, ləyaqətli və davamlı həyatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB