"Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlinin qoyulması Azərbaycan Silahlı Qüvvələri üçün strateji əhəmiyyətə malik bir hadisədir. Belə bir infrastrukturun yaradılması ilk növbədə xüsusi təyinatlı bölmələrin əməliyyat hazırlığını yeni səviyyəyə çıxarmağa imkan verəcək. Müxtəlif ərazi və relyef şəraitində, həmçinin hava və iqlim faktorlarından asılı olaraq təlimlərin keçirilməsi bölmələrin reallığa yaxın simulyasiyalarda təcrübə qazanmasını təmin edəcək". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, bu isə onların taktiki çevikliyini və operativ reaksiyasını artırmaqla yanaşı, müxtəlif növ xüsusi əməliyyatların daha effektiv icrasına şərait yaradacaq: "Bundan əlavə, mərkəzin geniş ərazidə fəaliyyət göstərməsi, atıcı və iriçaplı silahlarla atış sahələrinin, pilotsuz uçuş aparatları və zərbə dronları ilə məşq sahələrinin, simulyasiya və xüsusi əməliyyat mərkəzlərinin yaradılması komandaların peşəkarlığını artırmaqla yanaşı, kompleks təlim imkanlarını da genişləndirir. Bu isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəlməsinə və müxtəlif təhlükə ssenarilərinə hazırlıqlı olmasına imkan verir. Regional təhlükəsizlik kontekstində bu mərkəz Azərbaycanın müdafiə qabiliyyətini gücləndirir və regional balansın qorunmasına töhfə verir. Belə infrastruktur həm də düşmənin potensial hədəflərini daha diqqətlə nəzərdən keçirməyə və lazım gəldikdə çevik reaksiya göstərməyə imkan verir. Bu, xüsusilə sərhəd və həssas ərazilərdə əməliyyat səmərəliliyinin artırılması baxımından strateji üstünlük yaradır.
Beynəlxalq hərbi əməkdaşlıq və birgə təlimlər çərçivəsində mərkəz, Azərbaycan Silahlı Qüvvələrinin həm NATO standartlarına yaxınlaşması, həm də regional tərəfdaşlarla təcrübə mübadiləsi üçün effektiv platforma rolunu oynayacaq. Bu, həm taktiki, həm də strateji səviyyədə ölkənin hərbi diplomatiyasına əlavə üstünlük gətirir. Ümumilikdə, Xüsusi Əməliyyat Mərkəzinin yaradılması həm hərbi hazırlıq səviyyəsini yüksəldir, həm də Azərbaycanın müdafiə siyasətində çevik, modern və peşəkar hərbi strukturun inkişafına xidmət edir. Bu addım həm də ölkənin strateji mövqeyini gücləndirir, regional təhlükəsizlik arxitekturasında Azərbaycanı etibarlı və hazırlıqlı tərəf kimi möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB