“ABŞ-Azərbaycan münasibətləri son illərdə yüksək dinamika nümayiş etdirir” - ŞƏRH EDİLDİ
"ABŞ-Azərbaycan münasibətləri son illərdə ardıcıl olaraq yüksək dinamika nümayiş etdirir. Xüsusilə 8 avqustda imzalanmış üçtərəfli Bəyannamədən sonra iki ölkə arasında siyasi dialoq yeni və daha strateji mərhələyə qədəm qoyub. Bu sənəd həm regional təhlükəsizlik, həm enerji əməkdaşlığı, həm də nəqliyyat-kommunikasiya layihələri baxımından tərəflər üçün mühüm əhəmiyyət daşıyır. Məhz bu fonda prezident Donald Trampın Azərbaycan prezidentinə ünvanladığı məktub xüsusi siyasi siqnal kimi dəyərləndirilir. Sözügedən məktub ABŞ-ın Azərbaycanla tərəfdaşlığa verdiyi önəmi göstərməklə yanaşı, ikitərəfli münasibətlərin perspektivlərinin də ümidverici olduğunu nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu münasibətlərin daha da gücləndirilməsi üçün ABŞ Konqresinin 907-ci düzəlişi ləğv etməsi zəruridir:
"Çünki Donald Tramp administrasiyası Azərbaycanla əməkdaşlığı regionda sülh və sabitliyin mühüm elementi kimi qiymətləndirir. Bunu həm yüksək səviyyəli siyasi mesajlar, həm də Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh prosesinə verdiyi dəstək açıq şəkildə sübut edir. Sülh sənədinin paraflanması istiqamətində ABŞ-ın oynadığı rol regional münasibətlərə real təsir edən, uzunmüddətli nəticələr doğura biləcək siyasi addım kimi qəbul olunur. ABŞ Prezidenti Azərbaycanın Vaşinqtonun təşəbbüslərinə göstərdiyi konstruktiv münasibəti yüksək dəyərləndirir. Bu, yalnız iki lider arasında qarşılıqlı hörmətə əsaslanmır, həm də ölkələr arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır. Gözlənilir ki, siyasi əlaqələr bundan sonra da enerji təhlükəsizliyi, terrorla mübarizə, iqtisadi əməkdaşlıq, regional nəqliyyat layihələri və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə genişlənəcək.
Hazırda ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində yeni mərhələ formalaşdırmaqda davam edir. Bu açılımda Azərbaycanın geosiyasi mövqeyi, enerji və nəqliyyat dəhlizlərindəki rolu, regional sabitliyə verdiyi töhfə danılmaz əhəmiyyətə malikdir. Donald Trampın məktubunda Azərbaycanın xüsusi qeyd olunması da məhz bu strateji dəyərin göstəricisidir. Bu kontekstdə Vaşinqtonun Bakıya verdiyi siyasi dəstək yalnız iki ölkə arasındakı münasibətlərin möhkəm təməllərə söykəndiyini deyil, həm də gələcək əməkdaşlıq üçün geniş imkanların olduğunu nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB