"Belə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir" - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda "Neuberger Berman" şirkətinin rəhbərliyi ilə görüşü və bu əməkdaşlığın genişləndirilməsi ölkəmizin həm iqtisadi, həm də geosiyasi mövqeyinə mühüm təsir göstərir. İlk növbədə qeyd etmək lazımdır ki, "Neuberger Berman" dünyanın ən nüfuzlu investisiya idarəetmə şirkətlərindən biridir və onunla tərəfdaşlıq Azərbaycanın beynəlxalq maliyyə sistemində etibarlı və perspektivli ölkə kimi qəbul olunmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, 2016-cı ildən etibarən Dövlət Neft Fondunun bu şirkətlə əməkdaşlığı artıq öz müsbət nəticələrini verib. Fondun beynəlxalq maliyyə aləminə inteqrasiyası və səmərəli sərmayə idarəçiliyi ölkəmizə həm əlavə gəlirlər, həm də dayanıqlı maliyyə resursları qazandırıb: "Bu baxımdan əməkdaşlığın daha da genişlənməsi Azərbaycanın maliyyə sektorunu möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sahəsinə kapital axınının artmasına şərait yarada bilər. Geosiyasi müstəvidə isə belə bir əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir.

Qlobal maliyyə mərkəzlərində aparıcı şirkətlərlə əlaqələrin genişlənməsi, ölkəmizin Qərb iqtisadi-siyasi institutları ilə daha sıx inteqrasiyasını təmin edir. Bu isə Azərbaycanın yalnız enerji təchizatçısı deyil, həm də etibarlı maliyyə və investisiya tərəfdaşı kimi mövqeyini möhkəmləndirir. "Neuberger Berman" kimi nüfuzlu şirkətlə əlaqələrin güclənməsi Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini yeni mərhələyə yüksəldir, ölkəmizin qlobal iqtisadi proseslərdə iştirakını dərinləşdirir və geosiyasi çəkisini artırır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə