"Rusiyada qanunun aliliyindən danışmaq belə mümkünsüzdür" - ŞƏRH EDİLDİ

"Yekaterinqburqda soydaşlarımıza qarşı törədilən cinayət əməli ölkəmizdə çox ciddi ictimai rezonansa səbəb oldu və haqlı olaraq Azərbaycan cəmiyyəti tələb edir ki, bu işin təşkilatçıları və icraçıları qanunun ən sərt şəkildə cəzalandırılsın". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, Rusiyada son zamanlarda yenidən şovinizm hissələrinin gücləndiyi müşahidə olunur və 27 iyun tarixində törədilən cinayət konkret olaraq azərbaycanlılara qarşı yönəlmişdi. Bu hadisədə digər etnoslar nəzərdə tutulmamış, yalnız azərbaycanlılara qarşı saxta ittihamlar irəli sürülmüş və heç bir şübhə olmadan bu hərəkət iki tərəfli müttəfiqlik münasibətlərimizə çox ciddi kölgə salmış, dərin çatlar yaratmışdır.

Azərbaycan dövləti, Konstitusiyamızın 12-ci maddəsinə əsaslanaraq, vətəndaşlarının və soydaşlarının qəddar şəkildə pozulmuş hüquqlarının müdafiəsinə qalxdı. Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkilini çağıraraq ona rəsmi və kəskin etirazını bildirdi. Mədəniyyət Nazirliyi Rusiyada planlaşdırılmış bütün tədbirləri ləğv etdi. Eyni zamanda Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyaya planlaşdırılan səfəri də təxirə salındı. Bununla yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğunda baş vermiş cinayət hadisəsi ilə bağlı cinayət işi açıldı. Bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən keçirilən brifinqdə hadisənin geniş təfərrüatları açıqlanaraq ictimaiyyətə ətraflı məlumat verildi.

Baş vermiş bu hadisə bir daha göstərir ki, Rusiyada qanunun aliliyindən danışmaq belə mümkünsüzdür. Məhkəmənin qərarı olmadan istənilən şəxsi cinayətkar elan edib, onu təkcə ittiham etməklə kifayətlənməyib, hətta fiziki olaraq məhv etmək belə mümkündür. Bu, XXI əsrdə, özünü Avropa ölkəsi hesab edən bir dövlətin daxilində baş verir.

Rəsmi Bakı ilə Moskva arasında münasibətlərin normallaşması üçün bu hadisə olduqca ciddi, bəlkə də düzəldilməsi çətin olan problemlər yaratmış oldu. Hadisənin qarşısını almaq mümkün idimi? Əslində bu hadisə ümumiyyətlə baş verməməli idi.

Hadisələrin təhlili göstərir ki, Yekaterinburqdakı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin yerli bölməsi bu işin yalnız icraçıları olub. Əmr yuxarı instansiyalardan verilib və bu əmr son dərəcə qəddarlıqla icra olunub. Bu isə onu göstərir ki, Rusiyada demokratiya, insan haqları və qanunun aliliyi anlayışları sadəcə formal ifadələrdir, real mahiyyət daşımır.

Bütün dünya ilə münaqişə şəraitində olan, beynəlxalq miqyasda qınaq obyektinə çevrilmiş bir ölkənin strateji tərəfdaşını, müttəfiqini itirməsi onun maraqlarına uyğun deyil. Amma görünür ki, Rusiyada şovinizm və irqçilik hissləri sağlam məntiq və dövlətçilik düşüncəsini üstələyir və onun önünü kəsir. Azərbaycan tərəfi istəyirdi ki, Rusiyada sağlam düşüncə üstün gəlsin və bu sağlam düşüncəyə əsaslanaraq, ölkəmizə qarşı törədilən bu cinayət əməlinə hüquqi qiymət verilsin və onu törədənlər məsuliyyətə cəlb edilsin.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə