"Ordu sadəcə silahlı qüvvə deyil, əbədi azadlığımızın rəmzidir" - EKSPERT AÇIQLADI
"26 İyun — Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün kimi tarixə düşmüş, milli qürur və vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə yaşandığı əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının öz ordusuna verdiyi dəyərin, dövlətimizin hərbi qüdrətə və milli təhlükəsizliyə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması məqsədilə formalaşan müasir ordumuz bu gün yalnız regionda deyil, bütövlükdə beynəlxalq miqyasda güclü, çevik və yüksək döyüş hazırlığına malik silahlı qüvvələr sırasında öz layiqli yerini tutmaqdadır: "Milli ordu quruculuğunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Cümhuriyyət hökumətinin qəbul etdiyi qərarla ilk müntəzəm hərbi hissələr yaradılmış, ordu quruculuğuna start verilmişdir. Bu tarixi ənənələr bu gün də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişafında mühüm əsas rolunu oynamaqdadır.
Müstəqillik bərpa olunduqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və gücləndirilməsi ölkə rəhbərliyinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən sistemli islahatlar nəticəsində ordumuz modernləşdirilmiş, ən müasir texnologiyalarla təchiz edilmiş və yüksək peşəkarlıq səviyyəsinə çatdırılmışdır. Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq, döyüş bacarığı və texniki üstünlük nümayiş etdirərək tarixi Qələbəyə imza atdı. Bu Qələbə təkcə hərbi baxımdan deyil, siyasi, ideoloji və mənəvi baxımdan da dövlətimizin və xalqımızın gücünün göstəricisinə çevrildi.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordunun arsenalında olan müasir silah-sursat, döyüş texnikası, pilotsuz uçuş aparatları və digər hərbi vasitələr ölkəmizin müdafiə qabiliyyətini daha da artırır. Şəxsi heyətin fiziki və mənəvi hazırlığı isə onu göstərir ki, ordumuz həm döyüş meydanında, həm də sülh şəraitində dövlətimizin etibarlı dayağıdır. Ordu sadəcə silahlı qüvvə deyil, milli kimliyimizin, müstəqil dövlətçiliyimizin və əbədi azadlığımızın rəmzidir.
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını, zabit və gizirlərimizi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrini, qəhrəman qazilərimizi və ümumilikdə bütün xalqımızı ürəkdən təbrik edirəm. Bu gün biz Azərbaycan əsgərinin şücaətini ehtiramla anır, ordu sıralarında xidmət edən hər bir hərbçiyə güc, dözüm, möhkəm iradə və uğurlar arzulayırıq. Unutmayaq ki, güclü ordu — güclü dövlətin əsas sütunudur. Biz bu sütunu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha da gücləndirilmiş şəkildə təhvil vermək borcumuzdur. Qoy Azərbaycan Ordusu daim qalib, dövlətimiz isə əbədi və sarsılmaz olsun"!
Bütün xəbərlər Facebook səhifəmizdə