ICESCO rəhbərliyi məlumatlandırılıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə görüşüb. SİA xəbər verir ki, görüşdə İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov və qurumun rəhbərliyində təmsil olunan digər şəxslər iştirak ediblər.

Görüşdə mədəni irsin qorunması, təhsil və elmi araşdırmalar vasitəsilə İslam irsi üzrə həqiqətlərin üzə çıxarılması və mədəniyyətlərarası dialoq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

İcma nümayəndələri azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qalması nəticəsində onların əsas hüquqlarının, o cümlədən mədəni və təhsil hüquqlarının pozulması, oradakı Azərbaycan mədəni irsinin məhv edilməsi barədə ICESCO rəhbərinə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il Banjul zirvə görüşünün qərarlarına və ICESCO-nun mandatına uyğun olaraq təşkilatın bu məsələlər üzrə səylərinə ümid bəslədiklərini bildiriblər.

ICESCO rəhbərliyi Azərbaycandakı etnik və dini müxtəlifliyi, tolerant mühiti, Azərbaycanın mədəniyyətlərarası dialoqa və ICESCO-nun fəaliyyətinə verdiyi töhfələri təqdir edib. Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa əsaslanan sülhsevər yanaşması alqışlanıb və İslam irsi üzrə həqiqətlərin üzə çıxarılmasının və mədəni irsin qorunmasının sülh və anlaşma üçün əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə praktik əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə