"Qərb dairələri yenə riyakar və ikiüzlü mövqe nümayiş etdirirlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ukraynada baş verən faciə Rusiyanın Ukraynanın böyük bir hissəsini işğala məruz qoyması və paralel olaraq bu gün Ukraynanın sıxışdırılaraq çox çətin bir duruma salınması, ilk növbədə hazırda dünyada baş verən ədalətsizliklərin, eyni zamanda da Qərbin, ABŞ və Avropa İttifaqı ölkələrinin çeşidli, riyakar planlarının növbəti təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, biz üç il əvvələ nəzər salsaq, Bayden hakimiyyəti dövründə Ukraynanın necə qızışdırılması, Ukraynaya həm maddi, həm hərbi yardımların göstərilməsi və bununla da Rusiya ilə müharibəyə sürüklənməsini çox yaxşı xatırlayırıq: "Təəssüf ki, bu gün Qərb dairələri həmişə olduğu kimi yenə riyakar və ikiüzlü mövqe nümayiş etdirirlər. Ukraynanı meydanda köməksiz vəziyyətdə buraxırlar. Hazırda Ukraynanın təbii sərvətlərinin bölüşdürülməsi, Ukraynanın ərazilərinin yenidən müəyyənləşdirilməsi və bu ərazilərin Rusiyaya güzəştə gedilməsi istiqamətində də müxtəlif fikirlər və mövqelər səsləndirilir. Bu da bütün dünyaya dərs olmalıdır. Hesab edirəm ki, həm Qərbin, həm Amerikanın bir daha içüzünün ortaya qoyulması istiqamətində addımlar atılmalıdır. Əlbəttə ki, bu gün Amerikanın yeni rəhbərliyi, Tramp administrasiyası müharibənin dayandırılması, insanlıq faciəsinin sonlandırılması istiqamətində çox ciddi səylər göstərirlər. Bu da təqdirəlayiqdir. Çünki müharibə nə qədər davam edərsə, bu, Rusiyadan daha çox Ukrayna üçün hərtərəfli faciələrə gətirib çıxara bilər. Eyni zamanda həm kütləvi şəkildə müharibədə insan itkisinin olması böyük dağıntıların və faciələrin daha da böyük miqyas alması sirr deyil. Ona görə də, bu cür Ukrayna və Rusiya arasında müharibənin dayandırılması istəkləri də müsbət qarşılanmalıdır".

"Digər əsas məsələ də ondan ibarətdir ki, Avropa və Qərb dairələri uzun illər dünyanın bir çox ölkələrində təxribatlar yaratmaq, hakimiyyət dəyişikliklərini reallaşdırmaq istəyir. Hətta USAİD adlı təşkilat var idi və Azərbaycandan qovulub. Dünyanın bir çox ölkələrində də bu təşkilatın fəaliyyəti dayandırılıb. Paralel olaraq artıq Amerika Birləşmiş Ştatlarının rəsmi qurumları özləri də bu təşkilatın çirkli və təxribatçı əməlləri barədə ifşa materialları yayırlar. Qərb, Avropa İttifaqı ölkələri uzun illər idi ki, dünyanın bir çox ölkələrində bu cür təxribatçı fəaliyyətlə məşğul idilər. Müstəqil ölkələrin ərazisində çaxnaşma, təxribatlar yaratmaq, hakimiyyət çevrilişlərinə cəhdlər, rəngli inqilabların planlaşdırılması, həyata keçirilməsi, ümumiyyətlə, cəmiyyətlərdə hazırkı düzgün olmayan, gənclər arasında milli dəyərlərin deqradasiyaya uğraması, qeyri-ənənəvi meyillərin təbliği istiqamətində də bir çox addımlar atılıb ki, həmin cəmiyyətlərdə boşluqlar yaransın. İnsanlar iğtişaşlara və etirazlara cəlb olunsunlar.

Azərbaycana qarşı da bu cür cəhdlər dəfələrlə olub. Uzun illər bu cür mənfi tendensiyalar yayılıb. Planlar hazırlanıb və həyata keçirilməyə çalışılıb. Amma Azərbaycan dövlətinin ilk növbədə qətiyyətli siyasəti, qabaqlayıcı tədbirlər, eyni zamanda da Azərbaycan cəmiyyətinin bu cür meyillər qarışında daim ayıq-sayıq olması, Azərbaycan gənclərinin vətənpərvər olması, bu cür meyillərə uymaması, daim dövlətin yanında olması Avropa İttifaqının və ABŞ-ın bu cür təxribatlarının qarşısının vaxtında alınmasına yardımçı olub. Hesab edirəm ki, bundan sonra da Azərbaycanda xalq-iqtidar birliyi, gənclərin Azərbaycan dövlətinə böyük inamı, etibarı sayəsində bu cür cəhdlərin qarşısı vaxtında və uğurlu şəkildə alınacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə