"USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyanı yerinə yetirib" - ŞƏRH EDİLDİ
"USAID illər boyu müxtəlif dünya ölkələrində ikili funksiyanı yerinə yetirib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, onun ikili funksiyasının bir tərəfi yardım, maliyyə dəstəyi, başqa tərəfi isə maliyyə dəstəyi və yardım adı altında inqilab hazırlıqları mərkəzi rolunu oynayıb: "Saysız faktlar gətirmək mümkündür ki, USAİD mütəxəssislərinin köməyilə müxtəlif ölkələrdə xaos mexanizmləri, ssenariləri işlənilib. Bu xaos mexanizmləri əsasında sonda ya həmin ölkədə hakimiyyət dəyişikliyi baş verib, ya da xaosun yarımçıq saxlanması ilə mövcud hakimiyyətlərə lazımı səviyyədə təzyiq və təsirlər göstərilib.
Keçən əsrin 70-ci illərində yaradılmış olan bu strukturun fəaliyyəti, xüsusilə soyuq müharibə mərhələsi müvəqqəti olaraq başa çatandan sonra daha da fəallaşmağa başladı. Çünki dünyada soyuq müharibə, Rusiya ilə Amerikanın soyuq müharibəsi məyyən bir müddət səngisə də, amma bir qütblü dünyanın yaranmasına maneçilik törətmək istəyən yeni-yeni ölkələr peyda oldu. Həmin ölkələri yola gətirmək, onları itaətkar vəziyyətdə saxlamaq üçün USAID-in əlində saysız-hesabsız təsir mexanizmləri olub. Eyni zamanda bu təşkilat təkcə inqilab hazırlıqları mərkəzi rolunu oynamayıb. Həmin ölkələrdə müəyyən qeyri-şəffaf layihələrin əsasında gənc nəslin beyinlərini yumaq, insanları toparlamaq, hətta məlumatlara görə bəzi ölkələrdə narkotik maddələrin yetişdirilməsinə, yetişdirilməsinin maliyyələşdirilməsinə qədər geniş çeşiddə fəaliyyətlərdə olublar. Nə yaxşı ki, Amerikanın özünün rəhbərliyi, hazırki prezident bu təşkilatın, fəaliyyətinin qeyri-şəffaf olması nəticəsinə gəldi. Çünki dünya dövlətlərinin də narahatlığı təkcə USAID-in onların ərazisindəki qeyri-şəffaf fəaliyyəti ilə bağlı deyildi. Həm də onunla bağlı idi ki, bu təşkilat eyni zamanda Amerikanın özünün də müxtəlif regionlarda nüfuzuna zərbə vururdu. Çünki insanlar Amerikanın siyasətindəki dəyərlərə üstünlük verməyə meyilli olduğu halda birdən-birə USAİD kimi təşkilatların timsalında pərdəarxası, maddi və pozucu maraqlara xidmət edən nüansları görürdülər. Təbii ki, bu, Amerikanın siyasətində ikili standartlara dəlalət etməklə bu dövlətin də müxtəlif bölgələrdə və müxtəlif dövlətlərdə nüfuzunu zədələyirdi".
"Nə yaxşı ki, Amerikanın rəhbərliyi bu reallığı gördü və USAID-lə bağlı çoxdan idi ki, bəzi ölkələrin, o cümlədən Azərbaycanın apardığı siyasət, ortaya qoyduğu mövqe bu gün Amerikanın indiki rəhbərliyinin siyasəti ilə xeyli dərəcədə üst-üstə düşdü. Nəticədə USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı bir qərar verildi. Beləliklə, USAID-lə əlaqədar bəzi milli dövlətlərin, o cümlədən Azərbaycanla Amerikanın siyasəti müəyyən qədər üst-üstə düşdü. İndi bu vəziyyətin nə qədər davam edəcəyini isə gələcək göstərəcək" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə