MM minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitəsi hesab olunmasını təsdiqləyib
Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək. SİA xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsi, həmçinin, eyni məsələ ilə əlaqədar “Yol hərəkəti haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Hər iki layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Məlumat üçün bildirək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.
Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə