Ermənistanda YANLIŞ İQTİSADİ SİYASƏT - TƏHLİL

Yanvarın 1-dən Ermənistanda irimiqyaslı qiymət artımı gözlənilir və bununla bağlı haylar həm böyük həyəcan keçirirlər, həm də əsəblərini cilovlaya bilmirlər, amma onları başa düşmək də çətin deyil. Ona görə ki, hazırki hakimiyyət komandası, şəxsən Nikol Paşinyan bir zamanlar küçə nümayişlərində qiymət artımı barədə deyil, pulların, vəsaitlərin sel kimi dövlət büdcəsinə axacağını, hakimiyyəti ələ keçirdikdən sonra “qızıl dövr” başlayacağını söz vermişdi. Büdcə gəlirlərini artacağı ilə də əvvəlcədən “öyünən” Paşinyan indi başını aşağı salıb özünü bilməməzliyə elə vurur ki, elə bil heç nədən xəbəri yoxdur.

Olmayan biznesdən və sahibkarlıqdan vergi yığılması mümkün deyil

Baxmayaraq ki, bir-birinin ardınca onlara vədlər verilirdi, haylar özləri də görürdülər ki, xarici amillər zəifləməkdə, büdcə də dərhal problemlərlə üzləşməkdədir. Əvvəlcədən də görürdülər ki, planlaşdırılan gəliri belə yığa bilmirlər və böyük boşluq yaranıb. Hətta hiss edirdilər ki, problem yaxın gələcəkdə daha da artacaq və vəziyyət daha da pisləşəcək. İndi artıq hiss etməyə ehtiyac qalmayıb və üzümüzə gələcək ildə qiymət artımı proqnozu hayları əməlli başlı dilxor edib. Bir sözlə, Ermənistanda yanlış iqtisadi siyasətdən haylar özləri beziblər və bundan böyük əziyyət çəkəcəklərini də bilirlər.

Haylar lap əvvəldən bilməli idilər ki, vəziyyətin bu hala çatmaması üçün hökumət iqtisadiyyatı inkişaf etdirmək və biznesin genişləndirilməsi üçün şərait yaratmaq barədə düşünməli idi. Amma ortada olan reallıq ondan ibarətdir ki, şərait yaratmaq əvəzinə hökumət tərəfindən hər yerdə yeni-yeni vergi yükləri qoyulur. Bununla da biznesi boğurlar. Ümumiyyətlə, sahibkarlığın inkişafına zərrə qədər də şərait yaratmırlar, amma vergilərə, vergi toplayacaqlarına ümid edirlər. Onların bu ümidini isə, elə dəryada balıq sevdası da adlandırmaq olar, çünki olmayan biznesdən və sahibkarlıqdan vergi yığılması mümkün deyil.

Ermənistan hökuməti nəticə çıxarmaq və kiçik biznesdən “uzaq durmaq” əvəzinə, kiçik biznesin vergi yükünü durmadan artırır

Ermənistanda kiçik biznes məhv olduğu halda, hökumət müxtəlif səbəblərdən daha çox vergi toplamaq ümidi ilə kiçik biznesin vergi yükünü qeyri-məntiqi şəkildə daim artırır və buna ad qoymaq da qəliz məsələdir. Paşinyanın hakimiyyət komandası bir vaxtlar bildirirdi ki, kiçik biznesi vergiyə cəlb etmək onların məqsədi deyil. Əvvəl deyirdilər ki, biz kiçik biznesi bütün növ vergilərdən azad edirik, fəaliyyətinə, işləməsinə münbit şərait yaradırıq. Amma görünən və ortada olan tamamilə fərqli mənzərədir və yenə də yalan danışdıqları, yalançı vədlər verildiyi göz önündədir. Göz önündə olan odur ki, hər yerdə kiçik sahibkarlığın vergi yükünü Paşinyan hakimiyyəti günü-gündən artırır və bir sözlə, yanlış iqtisadi siyasət yürüdür.

Bu yaxınlarda İqtisadiyyat Nazirliyi öz araşdırmasını dərc edib və həmin araşdırmaya görə 2 il ərzində mikro sahibkarlıqla məşğul olanların sayı təxminən 7 min nəfər azalıb. Belə bir azalmanı hansısa müxalifət qüvvələri deyil, məhz İqtisadiyyat Nazirliyi qeyd edirsə, deməli, vəziyyət bildiriləndən də daha acınacaqlıdır. Əslində, vəziyyəti xarakterizə edən məqamlar da ortadadadır və orta əmək haqqının son iki il ərzində az qala 15-16 min dram azalması özü belə ümumi mənzərəni təsəvvür etmək üçün kifayət edir. İndi ən adi erməni belə başa düşür ki, həmin o “mənzərəyə” səbəb vergi yükünün birbaşa artmasıdır. Mənfəət vergisindən azadolma ləğv edildisə və mikro sahibkarlıq subyektlərinin vergiyə cəlb edilməsi ümumi vergiyə bərabər tutuldusa, sabit 5000 dram əvəzinə 20 faiz gəlir vergisi tətbiq edildisə, bundan başqa, bundan ayrı mənzərə gözləməyə qətiyyən dəyməz.

Haylar özləri də görürlər ki, təkcə bu dəyişiklik nəticəsində gəlir vergisi yükü təxminən 4 dəfə artıb. Əvvəllər 5 min verirdilərsə, indi minimum 20 min dram verməli olurlar. Görürlər ki, mənfəətin vergi yükünün kəskin artması bir çox mikro müəssisələrin bağlanmasına səbəb olub. Onu da müşahidə edirlər ki, Ermənistan hökuməti bundan nəticə çıxarmaq və kiçik biznesdən “uzaq durmaq” əvəzinə, kiçik biznesin vergi yükünü durmadan artırır. Əvvəlki dəyişikliklərin nəticələri az imiş kimi davranan Paşinyan komandası tərəfindən indi də yeniləri əlavə olunur. Onlar indi kiçik biznesi ümumi vergi sisteminə keçirmək qərarına gəliblər ki, bu da kiçik biznesin üzərinə birbaşa olaraq, daha ağır vergi yükü qoymaq deməkdir.

Sahibkarların ağır vergi yükü altında qalması, istehlakçıların geniş qiymət artımı ilə üzləşməsi siyasi hakimiyyətin yanlış siyasi addımlarıdır

Mümkün qədər səs-küyün qarşısını almaq üçün də təbii ki, görülən işlər hissələrlə həyata keçirilir. Birincisi, satış və ticarət sahəsində çalışanlar üçün vergi yükü ikiqat artırıldı. Gələn il yanvarın 1-dən ticarət fəaliyyəti ilə məşğul olanlar 5 faiz deyil, 10 faiz, istehsal fəaliyyəti ilə məşğul olanlar 3,5 faiz əvəzinə 7 faiz, ictimai sektorda ərzaq sahəsində çalışanlar isə 6 faiz əvəzinə, 12 faiz dövriyyə vergisi ödəyəcəklər. Dəyişikliklər “sayəsində” bir çoxları gələn ilin əvvəlindən qabaq ödədiklərindən ikiqat və ya daha çox vergi ödəməli olacaq və bu 50 min biznes sahibinə təsir edəcək.

Bəzi mikromüəssisə növləri də ümumi vergi sisteminə keçirilib və onlar peşəkar fəaliyyətə keçiblər, hansıki, peşəkar fəaliyyətin də vergi yükünü kəskin şəkildə artırmaq üçün hazırlıq görülür. Ermənistan hökuməti peşəkar fəaliyyət göstərən təşkilatların dövriyyə vergisi sistemlərindən, habelə mikro müəssisələrin vergiyə cəlb edilməsindən çıxarılmasını və ümumi vergitutma sisteminə keçirilməsini təklif edən qanunvericilik təşəbbüsü ilə çıxış edib. Söhbət hüquqi, mühasibat xidmətlərinin göstərilməsi, idarəetmə konsaltinqi, binaların ixtisaslaşdırılmış tikintisi, ödənişli və ya müqavilə əsasında daşınmaz əmlak əməliyyatları, memarlıq və mühəndislik fəaliyyətləri, texniki sınaq və təhlillər, reklam fəaliyyətləri, bazar araşdırmaları, müvəqqəti təminat fəaliyyətlərindən gedir.

Bəlli olur ki, sahibkarlar dövriyyə vergisi və mikro sahibkarlıq çərçivəsindən çıxarılaraq, daha ağır vergi yükü altında qalacaqlar. Vergi yükünün bu qədər artması nəticəsində hökumət gələn il əlavə 13 milyard dram vergi yığmağı planlaşdırır. Hətta daha 17,8 milyard dram isə dövriyyəyə vergi yükünün ikiqat artırılmasından əldə olunacağı barədə düşünülür. Ümumilikdə, kiçik müəssisələr tərəfindən təxminən 31 milyard dram ödəniləcəyi gözlənilir. Təbii ki, bunun onların bir çoxu üçün hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək çətin deyil. Əgər əvvəlki vəziyyətdə belə bir çoxları iri şirkətlərin rəqabətinə tab gətirə bilmirdilərsə, o zaman daha ağır vergi yükü qüvvəyə minəndə necə öhdəsindən gələcəkləri sual doğurur. Sözsüz ki, bu, bir çox şirkətin bağlanmasına səbəb olacaq.

Əlbəttə ki, vergi yükünün belə kəskin artması həm də gələn il yanvarın 1-dən istehlakçıların üzləşəcəyi geniş qiymət artımlarına səbəb olacaq. Həm də illər ərzində gəlirləri heç artmayanların da həmin artım əvəzinə dövlətin bu cür axmaq siyasəti nəticəsində həm qiymət artımı, həm də vergi öhdəliklərinin durmadan artması nəticəsində xərclərinin durmadan artacağı da bəllidir. Bu dəyişikliklər yalnız ilk baxışdan sırf iqtisadi və ya inzibati xarakter daşıyır. Əslində, bunlar siyasi hakimiyyət tərəfindən siyasi hesablamalar nəticəsində həyata keçirilən tamamilə yanlış siyasi addımlardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə