ABŞ-da seçiləcək liderin dünyaya təsirləri TƏHLİL

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, anket nəticələri keçmiş prezident Donald Trampın yenidən seçilmək şansının böyük olduğunu göstərir. Lakin bu seçkinin nəticəsi təkcə ABŞ üçün deyil, bütün dünya üçün vacibdir. Trampın prezident kimi seçilməsi vəziyyətində onun siyasətinin hazırkı prezident Co Bayden siyasətindən nə ilə fərqlənəcəyi də müəyyən qədər bilinir. Xüsusilə də Trampın xarici siyasəti onun əvvəlki prezidentliyindən bəri mübahisəli mövzu olub. Beləliklə onun Ukrayna və NATO-ya münasibəti beynəlxalq münasibətlərdə ciddi dəyişikliklərə səbəb ola bilər. Bundan əlavə, daxili siyasətdə xüsusilə immiqrasiya və ətraf mühit məsələləri seçkidə müəyyənedici amillər kimi görünür.

Bu kontekstdə Trampın yenidən prezident seçiləcəyi təqdirdə ABŞ və dünya siyasətinin hansı trayektoriyaya gedəcəyi böyük müzakirə mövzusudur. Belə ki, seçki bütün dünyada böyük əks-səda doğuracaq və Birləşmiş Ştatların hüdudlarından kənarda milyonlarla insanın taleyinə təsir edəcək mühüm siyasi dəyişikliklərə səbəb olacaq.

Anket nəticələri göstərir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı daha çoxdur, lakin fərq çox azdır. Trampın namizədliyinin iyulda keçiriləcək milli konqresdə Respublikaçılar Partiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir. Lakin Tramp ümumiyyətlə ölkə üçün hansı planları olduğunu açıqlamasa da onun siyasətinin hazırkı prezident Co Baydenin siyasətindən əhəmiyyətli dərəcədə fərqlənəcəyi aydındır. Xüsusilə Trampın Ukrayna siyasəti birmənalı qarşılanmır. Belə ki, anketlərə görə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstək siyasətinə respublikaçı seçicilər, demokrat seçicilərə nisbətən daha az dəstək verir. Tramp Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi və maddi yardımları tənqid edir və bu yardımın azaldılmalı olduğu fikrini müdafiə edir. Lakin bu münasibətin beynəlxalq münasibətlərdə hansı dəyişiklikləri yarada biləcəyi qaranlıq olaraq qalır.

Tramp prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putin və onun rəhbərliyi ilə münasibətlərə önəm vermiş və xoşməramlı əlaqələr qurmuşdu. Bu faktı nəzərə alarsaq, onun gələcək dönəmdə yenidən seçiləcəyi təqdirdə Ukrayna ilə bağlı siyasətində mövqe dəyişəcəyi gözlənilə bilər. Beləliklə Amerika siyasi gündəminin Trampın Ukraynayla bağlı siyasətinin məqsədəuyğunluğu və beynəlxalq ictimaiyyətə təsiri ilə bağlı ciddi narahatlıqları var.

Trampın xarici siyasətdəki fikir ayrılıqları təkcə Ukrayna məsələsi ilə məhdudlaşmır. Xüsusilə onun NATO-ya münasibəti də fərqlidir. Tramp tez-tez ABŞ-ın NATO-dan çıxmasını gündəmə gətirir və müttəfiq ölkələrdən müdafiə xərclərini artırmağı tələb edirdi. Bu vəziyyət transatlantik əlaqələr və Avropanın təhlükəsizliyi mövzusunda ciddi müzakirələrə səbəb olub. Trampın ABŞ-ın digər ölkələrin təhlükəsizlik məsələləri ilə məşğul olması bağlı mövqeyinin necə olacağı da maraq doğurur. Onun Avropanın müdafiəsində, xüsusən də Rusiyanın təzyiqlərinə qarşı hansı rol oynayacağı müəyyən qədər bəlli olsa da bəzi məqamlar qaranlıq qalır.

Trampın daxili siyasəti də geniş spektri əhatə edir. Onun immiqrasiya siyasəti xüsusilə sərhəd təhlükəsizliyi və immiqrantların statusu ilə bağlı sərt tədbirlər əhatə edir. Daha əvvəl olduğu kimi bu dəfə də Tramp ABŞ-Meksika sərhədini gücləndirməyi və qeyri-qanuni mühacirlərin sayını azaltmağı vəd edir. O, həmçinin müsəlman ölkələrindən gələn mühacirlərin səyahət məhdudiyyətlərini genişləndirəcəyini də vəd edib. Bu siyasət ABŞ-ın daxili və xarici əlaqələr baxımından hansı mövqedə olacağının kritik göstəricisi hesab olunur.

Trampın İsrail siyasəti də mühüm müzakirə mövzusudur. O İsrail ilə ərəb ölkələri arasında normallaşmaya önəm verib və Qüdsün paytaxt olmaq statusu ilə bağlı mühüm addımlar atıb. Ancaq bu siyasətin Fələstin məsələsi və regional qeyri-sabitlik baxımından tənqidlərlə qarşılanacağı gözləniləndir.

Nəhayət, Trampın ətraf mühitlə bağlı siyasəti də daim fərqli olub. O, ABŞ-ın Paris İqlim Sazişindən çıxması və ənənəvi enerji siyasətini təşviq etməsi ilə yadda qalıb. Bu vəziyyət də öz növbəsində iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıqla bağlı ciddi narahatlıqlar yaradır.

Bütün bu amillər Trampın gələcək siyasətinin ABŞ-da və bütün dünyada hansı təsirlər yaradacağı ilə bağlı ciddi dəyişikliklər yaradır. Bununla belə, Trampın yenidən seçiləcəyi təqdirdə yürüdəcəyi siyasətin beynəlxalq sistemdə ABŞ-ın qlobal liderlik rolu baxımından kritik əhəmiyyət kəsb edir. Nəticə olaraq qlobalist Baydendən fərqli olaraq, millətçi kapitalist siyasət yürüdəcək Trampın dünyadaki supergüc olma uğrunda yarışdan çəkiləcəyini də deyə bilərik.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə