Yaşıl dünyaya hədəflənən mesajlar TƏHLIL

Prezident İlham Əliyev: "Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər dinamik inkişaf edir, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafdadır. Bu gün Azərbaycan Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkə kimi yüksək nüfuza sahibdir. Beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü rolunu oynayan ölkəmiz tranzit ölkə olaraq beynəlxalq aləmdə uğurlu əməkdaşlıqda körpü rolunu oynayır.

Enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir göstəricisidir. İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il mayın 24-də keçirilən "Xəzər Neft və Qaz" sərgisi sonralar əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Vurğulayaq ki, "Xəzər dənizində neft-qaz hasilatına dair sərgi" adlı sərgidən sonra Azərbaycanın enerji imkanları, xüsusilə neft sektorundakı potensialı dünyaya tanıdıldı. Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini – neft, qaz, emal, ixrac, eləcə də yaşıl enerjini əhatə etmiş oldu. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Cənab Prezident müsahibəsində bildirib ki, tədbir artıq 30 ildir keçirilir. "Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı". Sonrakı mərhələlrdə Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi.

Dünya miqyasında tanınmış siyasətçi, həyatını xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkədə hadisələrin inkişaf axarını dəyişmiş oldu. Heydər Əliyevin apardığı məqsədyönlü, ardıcıl siyasət nəticəsində daxili siyasi sabitliyin bərqərar olması, Qarabağ münaqişəsinin həlli istiqamətində yeni və çevik siyasətə başlanması, atəşkəsin əldə edilməsi və s. irimiqyaslı iqtisadi islahatlara başlanılmasına imkanlar yaratdı. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə yeni tariximizə "Əsrin müqaviləsi" adı ilə daxil olan möhtəşəm kontraktlar imzalandı və bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin hərtərəfli inkişafının möhkəm təməli qoyuldu.

Bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapmış oldu.

"MASDAR" BİZİM BƏRPAOLUNAN ENERJİ SAHƏSİNDƏ STRATEJİ TƏRƏFDAŞIMIZDIR"

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində "Masdar" şirkətinin ölkəmizdə inşa edəcəyi üç elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar. Üç elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt (1 QVt) olacaq. "Masdar" şirkəti Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa edəcək.

Azərbaycan Prezidenti müsahibəsində Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu bildirib. "Masdar" bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır, - deyən Prezident qeyd edib ki, ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik: "Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir".

MDB MƏKANINDA ƏN BÖYÜK GÜNƏŞ ELEKTRİK STANSİYASI

"Masdar" şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı dövlətlərarası münasibətlərdə qardaşlıq əlaqələrinin növbəti bariz təzahürüdür. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Məlumdur ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

"BEYNƏLXALQ TƏRƏFDAŞLIQ TƏLƏB EDƏN MƏSƏLƏLƏRİ BİZ TƏRƏFDAŞLARIMIZLA HƏLL ETMƏLİYİK"

"Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?" sualına gəlincə isə dövlət başçımız bildirib ki, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. "Masdar" strateji tərəfdaşdır. Həmçinin "ACWA Power" var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır" – deyə Prezident bildirib. Dövlət başçımızın sözlərinə görə, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun: "Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik".

"PLANETİN QORUNMASI İLƏ ƏLAQƏDAR ƏSAS GÜNDƏLİYƏ DİQQƏT YETİRSİNLƏR"

Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Əlbəttə ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir. İlk növbədə ölkəmizə gələn qonaqlar inkişafı öz gözləri ilə görmək imkanı qazanır, daha sonra isə bu haqda ətraflı məlumatlanırlar. Bu cür tədbirlər eyni zamanda ölkəmizin beynəlxalq imicinə də müsbət təsir edir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

"Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər" – deyə Prezident bildirib.

Azərbaycan müasir dünyada Avropaya yaşıl enerjini ixrac etmək istiqamətində ardıcıl işlər görür. 2030-cu ilə qədər Azərbaycanın enerji sektorunda külək, Günəş və su elektrik enerjisinin payını 30 faiz artıracaqdır. Əlbəttə ki, yaşıl enerjiyə keçidlə bağlı bütün ölkələrin səylərinin birləşdirilməsi vacib məsələlərdəndir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə