“Cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub“ - Elşad Mirbəşiroğlu

“Dünyada müşahidə olunan mənəvi-əxlaqi deqradasiyanın neqativ nəticələrindən özümüzü qorumalıyıq. Bu insanlığa qarşı müxtəlif təhlükələrdən danışılır. Lakin gözəgörünməz bir qatil də var. Bu mənəvi-əxlaqi aşınmadır”. SİA xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycanda cəmiyyətin mənəvi sağlamlığı məsələsi hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, var-dövlət ola bilər, zənginlik ola bilər, lakin mənəviyyat olmadan heç bir şey ola bilməz. 44 günlük Vətən müharibəsi də Azərbaycan gəncinin necə yüksək mənəvi-əxlaqi dəyərlərə, patriotizm hissinə malik olduğunu göstərdi. Bu, bizim formalaşdırdığımız çox böyük bir resursdur. Bunu dünyada cərəyan edən mənəvi-əxlaqi aşınmanın neqativ nəticələrindən qorumalıyıq. Bir sıra ölkələrdə dünya səviyyəsində müşahidə olunan mənəvi və əxlaqi aşınmanın neqativ nəticələrindən qorunmaq üçün qanunvericilik səviyyəsində tədbirlərin görülməsi də sözügedən sahədə təhlükənin reallığından xəbər verir. Biz internet əsrində yaşayırıq, informasiya-kommunikasiya texnologiyaları öz inkişafının ən yüksək səviyyəsinə çatıb. Ona görə də informasiya kontentinə nəzarət etmək çətindir. Buna baxmayaraq, sosial şəbəkələrdə bizim mənəvi-əxlaqi dəyərlərimizə zidd olan kontentin qarşısının alınması üçün ciddi əlavə tədbirlərin görülməsi çox vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə