“BMT Azərbaycanla əməkdaşlığa yüksək diqqət yetirir” - ŞƏRH EDİLDİ

“Dünən cənab Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul etdi və çox ətraflı, məsuldar söhbət oldu, fikir mübadiləsi aparıldı. İnger Anderson tərəfindən Azərbaycanın dünyada ətraf mühitin qorunması, qlobal istiliklə mübarizə, bütövlükdə yaşıl dünya ilə bağlı verdiyi töhfələr yüksək qiymətləndirildi. Eyni zamanda Azərbaycanın COP29-a sədrliyi dövründə dünyada ətraf mühitin qorunması ilə bağlı həmrəyliyin daha da artacağına və yeni uğurlar əldə ediləcəyinə ümidlərin olduğu qeyd olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev qonağı Azərbaycanın BMT-nin çərçivə proqramı haqqında görülən işlərlə bağlı məlumatlandırdı və COP29-a ev sahibliyi etməsinin Azərbaycan üçün mühüm əhəmiyyətli olduğunu vurğuladı: “Eyni zamanda Azərbaycanın dünyada yaşıl dünya naminə həmrəyliyin güclənməsində öz töhfələrini verəcəyi qeyd olundu. Ölkə başçısı xatırlatdı ki, 2019-2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman şimal və cənub qlobal dünya birlikləri arasında əlaqələrin möhkəmlənməsi, fikir ayrılıqlarının aradan qaldırılması və dünyada sülhün, əməkdaşlığın, ədalətin inkişaf etməsi istiqamətində töhfələrindən danışdı, Azərbaycanın artıq belə bir təcrübəsinin olduğu vurğulandı.

Qonaq Azərbaycanın ağıllı kənd, ağıllı şəhər konsepsiyasına verdiyi töhfələri də yüksək qiymətləndirdi. Şübhəsiz ki, Qarabağda, Şərqi Zəngəzurda və ölkəmizin digər ərazilərində qurulan yeni enerji daşıyıcıları olan bərpaolunan enerjinin istehsalının dünya enerji ehtiyyaclarının ödənilməsinə verdiyi töhfədən də danışdı. Cənab Prezident haqlı olaraq vurğuladı ki, artıq dünya öz enerji təchizatında yeni bir dövrə qədəm qoyur, ənənəvi yeraltı sərvətlərdən istifadə etməklə karbohidrogen ehtiyyatlarının enerjiyə çevrilməsi artıq tarixə qovuşur. Bununla yanaşı neft-qaz istehsal edən ölkələri də qınamaq və onları günahlandırmaq da mənasızdır. Bu ölkələrin günahı deyil ki, zamanında belə sərvətləri olub. Sözügedən ölkələr də dünya birliyinə, dünyanın ekoloji təmizliyinə hər zaman öz töhfələrini veriblər. Görüşün əhəmiyyəti həm də ondadır ki, BMT kimi dünyanın ən böyük təşkilatı Azərbaycana önəm verir, ölkəmizin gördüyü işləri qiymətləndirir və əməkdaşlığa yüksək diqqət yetirir.

Dünən cənab Prezidentin İtaliyanın müdafiə sənayesi nazirinin müavini ilə də görüşü olmuşdur. Bu görüşdə də İtaliya-Azərbaycan əlaqələrinin son zamanlar yüksəlməsi, hər iki dövlət üçün faydalı olması və biri-birinin milli dövlət maraqlarının qorunmasında iki dövlətin birgə fəaliyyəti də yüksək qiymətləndirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə