“Ötən illərə nisbətən bu il qiymət artımı müşahidə olunacaq" - EKSPERT AÇIQLADI
“Azərbaycanda 4 əsas turizm marşrutu var. Vətəndaşlarımızla yanaşı, xarici turistlər də bu istiqamətlərə daha çox üstünlük verirlər. Ancaq konkret olaraq ad çəksəm Quba, Qusar, Şamaxı, Qəbələ, Şəki, Masallı, Astara rayonları turistlərin yay mövsümündə ən çox üz tutduğu istiqamətlərdir. Sizə də məlumdur ki, bir neçə ildir dövlət sərhədləri bağlıdır. Bu məqam daxili turizmin canlanmasına və insanların Azərbaycanın rayonlarında istirahət etməsinə böyük təkan verir. Belə ki, azacıq turizm potensialı olan rayonlarımız da yay mövsümündə turist sarıdan əziyyət çəkmir”. Bu sözləri SİA-ya danışan turizm eksperti Rəhim Qədirov deyib.
Ekspert qeyd edib ki, daxili turizmdə son illərə nisbətən qiymət artımı müşahidə edilir: "Bunun da bir sıra səbəbləri var. Qrup halında təşkil edilən daxili turlarda Gürcüstan nömrə nişanlı avtomobillərə qoyulan qadağalar bazarda nəqliyyat xidmətlərində qiymət artımına səbəb olub. Bu da öz növbəsində daxili turlarda qiymət artımına gətirib çıxarır. Bundan əlavə ümumi malların dəyərində qiymət artımları var ki, bu da birbaşa və ya dolayı yolla iaşə obyektlərinə, hotellərə təsirsiz ötüşmür”.
“Yuxarıda da qeyd etdiyim kimi, sərhədlər bağlı olduğundan daxili turizmə tələbat artıb ki, bu da qonaqlama obyektlərində sıxlığa səbəb olur. Nəticədə, yenidən qiymət artımları ilə üzləşirik. Ötən illərə nisbətən bu il qiymət artımı müşahidə olunacaq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə