Məzuniyyətə üçün hansı ayı seçmək əlverişlidir? - AYDINLIQ GƏTİRİLDİ

“Stabil əməkhaqqı alan şəxslər üçün məzuniyyətə çıxmaq üçün ay fərq etmir. Yəni həmin şəxslər üçün son ilin orta aylıq əməkhaqqı müəyyən edilir, 12-yə bölünür, sonra otuz tam onda dördə bölünür. Alınan rəqəm günlərin sayına vurularaq işçiyə məzuniyyət pulu kimi verilir”. Bu sözləri SİA-ya danışan hüquqşünas Sahib Məmmədov deyib.

O bildirib ki, qanunvericiliyə görə, bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş olunmur: “Həmçinin bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin həmin aylarda məzuniyyətdə olması əməkhaqqının məbləğinə təsir edir”.

Onun sözlərinə görə, bu baxımdan cəmi 15 iş günü olan mart ayı məzuniyyət üçün əlverişsiz müddət hesab edilir: “2024-cü ildə Qurban bayramı iyun ayına təsadüf etdiyindən həmin ayda da məzuniyyətə çıxmaq maddi cəhətdən sərfəli deyil. 2024-cü ildə ən çox iş günləri iyul, avqust və oktyabrda olduğundan məzuniyyətə bu aylarda çıxmaq daha əlverişlidir.

Digər məqam isə ayın bir hissəsində götürülən məzuniyyət müddətinə daha çox şənbə və bazar günlərinin salınmasıdır. Belə ki, bu zaman ay ərzində işləyəcəyiniz günlərin sayı artdığından alacağınız məbləğ də yüksək olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə