“Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı mübarizədə lider dövlətə çevrilib“ - MÜNASİBƏT BİLDİRİLDİ

“COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizin strategiyası və maraqlarına tam uyğundur. "COP 29" tərəflər konfransıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə beynəlxalq çərçivədə keçirilən konfransıdır. Bu konfransın əsas məqsədi dünya ölkələri arasında istixana qazlarının emissiyasının inkişafının azaldılmasıdır. Sonuncu dəfə sözügedən konfrans 2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən "COP" razılaşmaları ilə nəticələnmişdi. Razılaşmalara görə, hər bir ölkə müəyyən öhdəlik götürür. Azərbaycan da bu konfransa dair bəzi razılaşmaları öhdəliyinı götürüb”. Bu sözləri SİA-ya danışan ekoloq Rövşən Abbasov deyib.

O vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan ərazisində atmosferə atılan çirkli qazların 30 faiz azaldılması planlaşdırılır: “Yəni, bu, müəyyən zərurətdən irəli gələn öhdəlikdir. Bu konsepsiya həm də Azərbaycanın dövlət strategiyasına tam uyğundur. Bilirik ki, 2024-cü ildə Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu möhtərəm qərar da COP-29-un Azərbaycanda keçirilməsi ilə əlaqədardır.

Qeyd etdiyimiz ildə də əsas məqsəd odur ki, ətraf-mühitin qorunması sahəsində bütün ölkələri bir araya gətirək. Bu baxımdan COP-un əhəmiyyəti müstəsnadır. Çünki təxminən 2 ilə yaxın 200-ə qədər ölkənin nümayəndələri bu dəbdəbəli konfransda iştirak edəcəklər. Burada vacib qərarların veriləcəyi gözlənilir. Amma, bu qərarlar barədə hələ ki, məlumatımız yoxdur. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də göstərir ki, dünya ölkələri sırasında ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri ilə bağlı mübarizədə liderə çevrilib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi də paralel olaraq vətəndaş cəmiyyəti institutlarının qrant vasitəsilə maliyyələşmə sxemini həyata keçirməyi planlaşdırır. Bu istək də vətəndaş cəmiyyəti nümayəndələrinin mühüm işlərə cəlb edilməsi məqsədini daşıyır".

Ekoloq əlavə edib ki, COP-29-dan başqa digər beynəlxalq konfransların da Azərbaycanda keçirilməsi gözləniləndir: "Məsələ burasındadır ki, COP-29-la bərabər olaraq Azərbaycanda həm də çoxsaylı ətraf-mühitə həsr olunmuş tədbirlər həyata keçirilir. Bu gün də Azərbaycanda Gənclər Forumu keçirilir. Bu forum dünyanın müxtəlif ölkələrindən gəlmiş və həmin ölkələri təmsil edən 160-a yaxın gəncin iştirakı ilə reallaşır. Əlbəttə ki, gənclər də ətraf mühitin qorunması istiqamətində öz töhfələrini ortaya qoyacaqlar və bu konfransda onlar gələcək əməkdaşlıq cizgilərini hazırlayırlar. Bundan əlavə, Azərbaycana xeyli beynləlxalq vətəndaş cəmiyyətinin üzvlərinin gələcəyi gözlənilir. Onlar cürbəcür yerlərə səfərlər edəcəklər, Azərbaycanda ətraf-mühitin, iqlimin qorunması ilə əlaqədar işlərlə tanış olacaqlar və bu da təbii ki, ölkəmizin beynəlxalq miqyasda tanınmasında öz köməyini edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə