“İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Doğrudur, mümkün qədər cəmiyyətdə fəsad yaradan, günaha aparan işlərdən çəkinmək lazımdır. Ancaq ictimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil. Tutaq ki, ayıq sürücü başqa iş tapmayıb hələ ki, işləyir, ailəsinə çörək aparır. Üstəlik, ayıq sürücü hansısa avtoqəzanın qarşısını almış olur. Bəlkə də kimisə ölümdən xilas edir. Ayıq sürücü əslində ictimai nizama xidmət etmiş olur. Bundan başqa hüquq oxumaq niyə qadağan olsun ki? Deyək ki, siz dünyəvi hüququ öz əqidənizə görə mübah saymırsınız. Əvvəla, istənilən elm sahəsini öyrənmək nəinki günah, hətta savabdır. Öyrənmək onu istifadə etməyi vacib etmir”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, Peyğəmbər bir çox səhabələrinə ibrani, süryani dilini öyrənməyi tövsiyə edirdi: “Elm Çində də olsa, getməyi əmr edirdi. Təbii ki, Çində İslam elmi yoxdur. Demək dünyəvi elm nəzərdə tutulur. Bax belə düşüncənin nəticəsində son əsrlərdə İslam aləmində elm, texnika, inkişaf sahəsində gerilik başladı. Gəncləri, uşaqları elmə səsləmək əvəzinə onları uzaqlaşdırırlar”.

“Yaxşı deyək ki, hamı səni eşitdi, heç kəs hüquq oxumadı, bəs ölkədə bu qədər məhkəmə orqanı, hüquq mühafizə orqanları var, orada kim işləyəcək? Sabah başına bir iş gəlsə məhkəmədə kim sənə vəkillik edəcək, ərizə yazacaq? Biz dünyəvi dövlətik, bu dövlətin qanunlarını da hamı bilməli, hörmət etməlidir”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə