Naxçıvanın tanınmış şair və yazarları - Masallıda...

Bu gün, iyunun 28-də Masallı rayon Mərkəzi Kitabxanasında Tarix-Diyarşünaslıq Muzeyinin və kitabxananın birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi ilə əlaqədar “Naxçıvanın tanınmış şair və yazarları” mövzusunda tədbir keçirilib. Tədbir başlamazdan öncə müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin 2024-cü ildə imzaladığı “Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi” ilə əlaqədar Sərəncamın əhəmiyyətindən danışıb.

O,çıxışında vurğulayıb ki, Azərbaycanın qədim diyarı olan Naxçıvan ölkəmizə bir çox dəyərli simalar, xüsusilə ümummilli lider Heydər Əliyev kimi əvəzolunmaz siyasi xadim və lider bəxş edib.

Mərkəzi Kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki,Naxçıxan hər dövrdə zəngin ədəbi ənənələri ilə seçilib, böyük şəxsiyyətlər və ədəbiyyat xadimləri yetişdirib.Qədim Naxçıvan torpağının nüfuzlu simaları Azərbaycan elminə, mədəniyyət və incsənətinə böyük töhfələr veriblər.

Tədbirin gedişində kitabxananın əməkdaşlarından Gülər Piriyeva, Həbibə Hüseynova, Arzu Hüseynova və Ağahüseyn Hüseyni Naxçıvanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən məruzələrlə çıxış ediblər.

Sonra muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova vurğulayıb ki, bu gün Naxçıvan öz tarixində ən qızıl dövrünü yaşadığı kimi ədəbi mühitində də böyük canlanməa müşahidə olunur.Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılar yeni əsərlərlə milli əbəbiyyatımızı zənginləşdirir, eyni zamanda burada fəaliyyət göstərən ziyalılar, elm adamları mühüm elmi nailiyyətləri və qiymətli tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayırlar.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə