“SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək

İyunun 30-da “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək. Tələbələr imtahana buraxılış vərəqəsini iyunun 25-dən etibarən çap edə bilirlər. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Tələbələr imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

İmtahanın idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb. İmtahanda 2025 tələbənin iştirakı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə