AİB Prezidenti və Azərbaycan Prezidenti inkişaf prioritetlərini müzakirə edib

27 İyun tarixində Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın strateji inkişaf prioritetlərini, o cümlədən yaşıl keçidlə əlaqədar mövzuları müzakirə etmək üçün bu gün görüş keçiriblər. SİA xəbər verir ki, ölkəyə ilk rəsmi səfəri çərçivəsində cənab Asakava, Azərbaycan Respublikası Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri ilə görüşüb.

Cənab Asakava: “Biz hökumətin dayanıqlı, rəqabətədavamlı və inklüziv iqtisadiyyatı inkişaf etdirmək; insan kapitalının inkişafını genişləndirmək; və ölkənin enerji keçidini sürətləndirilmək istiqamətində prioritetlərini yüksək qiymətləndiririk. AİB və Azərbaycan arasında tərəfdaşlığın 25 illiyini qeyd etdiyimiz vaxtda, AİB ölkənin inkişaf məqsədlərinə dəstək olmaq öhdəliyini bir daha vurğulamaq istəyir”.

Cənab Asakava və cənab Əliyev həmçinin AİB-in nəqliyyat əlaqələri, dayanıqlı şəhər nəqliyyatı və su layihələri, eləcə də yaşıl enerji dəhlizlərinin inkişafına dəstəyini müzakirə ediblər. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30%-ə çatdırmağı hədəfləyir.

Dünən cənab Asakava Ələt qəsəbəsi yaxınlığında AİB tərəfindən 21,4 milyon dollar kreditlə birgə maliyyələşdirilən 230 meqavat gücündə günəş elektrik stansiyasına baş çəkib. Stansiya AİB-in Azərbaycanda ilk bərpa olunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq inkişafın maliyyələşdirilməsini əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır.

Sabah cənab Asakava ADA Universitetində “Dünyanın zirvələri əriyir: Azərbaycandakı buzlaqları qorumaq üçün müştərək fəaliyyətə çağırış” adlı çıxışında buzlaqların əriməsi məsələsinə diqqət çəkəcək. İqlim dəyişikliyi səbəbindən buzlaqların əriməsi yollar və körpülər kimi infrastruktur üçün daşqın risklərini artırır, eyni zamanda su axınlarının pozulması nəticəsində məhsul istehsalına təhlükə yaradır. 2025-ci il Buzlaqların Beynəlxalq Mühafizəsi İlidir.

AİB, Asiya və Sakit Okean regionunun iqlim bankı kimi həm də noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim sammiti ərəfəsində potensialın gücləndirilməsi də daxil olmaqla, Azərbaycanın COP29-a sədrliyini dəstəkləyir.

Azərbaycanın banka üzv olduğu 1999-cu ildən etibarən AİB nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələri də daxil olmaqla dövlət və özəl sektora 5 milyard dollardan çox vəsait ayırıb.

AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə