Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL

Dağıstan Rusiya Federasiyasının Şimali Qafqazında yerləşən, etnik və dini müxtəlifliyi ilə seçilən muxtar respublikadır. Kumuklar, noqaylar, Azərbaycan türkləri, Qafqaz türkmənləri kimi türk mənşəli qruplarla yanaşı, avarlar kimi digər etnik qruplar da bölgədə yaşayır. Bu etnik zənginlik regionun ictimai və siyasi quruluşunu çətinləşdirdiyi kimi, bölgədəki siyasi tələblərin və hakimiyyət mübarizələrinin dinamikasını da müəyyən edir.

Dağıstanın geosiyasi əhəmiyyəti Rusiyanın Şimali Qafqazda təhlükəsizlik strategiyalarının əsasını təşkil edir. Xüsusən Dərbənd kimi tarixi bir şəhərin Qafqazdan Yaxın Şərqə və Şimali Afrikaya uzanan ticarət yollarının kəsişməsində olması regionu strateji əhəmiyyət kəsb edir. Bundan başqa, Dağıstanın Xəzər dənizində sahil xətti və Mərkəzi Asiya ilə əlaqəsi regionun geosiyasi dəyərini artırır.

Son illərdəysə Dağıstan, radikal islamçı təşkilatların fəaliyyət göstərdiyi bölgə kimi tanınır. Məlumdur ki, xüsusilə islami ekstremist qruplar bölgədə təlim düşərgələri quraraq yerli əhali arasında da dəstək tapıb. Bu qruplar bölgədəki sosial-iqtisadi problemlərdən, etnik və dini fərqliliklərdən istifadə edərək radikallaşma və terror aktları həyata keçirirlər. Rusiya Federasiyasının terrorla mübarizə siyasəti, xüsusilə FSB-nin bölgədəki əməliyyatları və kəşfiyyat işləri bu kontekstdə kritik əhəmiyyət kəsb edir. Lakin bu qurumların günümüzdə hansı dərəcədə effektiv olması sual altındadır.

Beləliklə Rusiyanın Dağıstandakı siyasəti təkcə daxili təhlükəsizliklə məhdudlaşmır, həm də regional və beynəlxalq əhəmiyyət kəsb edir. Xüsusən də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Avropadakı siyasi gedişləri regionda təhlükəsizlik vəziyyətinə təsir edən amillərdəndir. Bu kontekstdə Dağıstanda baş verən terror hadisələri və radikal qruplaşmaların fəaliyyəti Rusiyanın regional siyasətinə və beynəlxalq legitimliyinə birbaşa təsir göstərə bilər.

Belə ki, Dağıstanda terror aktlarının artması regionun sosial, iqtisadi və siyasi strukturu, eləcə də Rusiyanın beynəlxalq siyasəti və geosiyasi strategiyaları ilə dərindən bağlıdır. Bu hücumlar regionda təhlükəsizlik problemlərini və etnik münaqişə potensialını artırır, eyni zamanda Rusiyanın daxili təhlükəsizlik siyasətinin effektivliyində sınaq rolunu oynayır.

Görünən odur ki, Rusiyanın daxili və xarici siyasətində avtoritar yanaşması, hegemon iddiaları son illər ciddi beynəlxalq narahatlıqlar doğurur və artıq gözlənilən nəticələri vermir. Məsələnin öncəsinə baxarsaq Sovet İttifaqının dağılmasından sonra Rusiya özünün yenidən qurulması prosesində daima öz regional güc mövqelərini möhkəmləndirməyə çalışıb. Buna baxmayaraq Rusiyanın “Maskirovka doktrinası” kimi üsullarla hərbi və siyasi müdaxilələri ört-basdır etmək, çaşqınlıq yaratmaq və qəfil hücumlar həyata keçirmək məqsədi daşıyan manipulyasiya siyasəti bu günün standartlarına cavab vermir. Beləliklə başı qarışıq olan dövlət regionlardaki təhlükəsizliyi qoruya bilməməklə birlikdə siyasi gündəmi də yönləndirə bilmir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə