Nazirlik istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə 2024-cü ilin 27-28 iyun tarixlərində Bakıda “Yaşıl Dünya Naminə Həmrəylik: Dayanıqlı Gələcək Üçün Tullantıdan Dəyərə” Beynəlxalq Forumunun keçirilməsi planlaşdırılır. SİA xəbər verir ki, Forum tullantıların azaldılması və ekoloji problemlərin həlli istiqamətində yeni strategiyaların formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədi ilə təşkil olunur. Bakıda keçiriləcək Beynəlxalq Forumun yekun nəticələrindən biri kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Coca-Cola və Carlsber Azərbaycan şirkətlərinin dəstəyi və Azərbaycanın digər aparıcı şirkətlərinin iştirakı ilə "Sıfır Tullantı” Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bakı Bəyannaməsinin qəbul edilməsində məqsəd şirkətlərin istehsal prosesində ekoloji durumun yaxşılaşdırılması üzrə könüllü öhdəliklərinin vacibliyini diqqətə çatdırmaq, müvafiq pilot layihələr həyata keçirməklə tullantıların minimuma endirildiyi, resursların maksimum dərəcədə istifadə edildiyi və təbii mühitin gələcək nəsillər üçün qorunub saxlanıldığı dairəvi iqtisadiyyata töhfə verməkdir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Forumdan əvvəl Bəyannamə barədə fikir mübadiləsi aparmaq üçün görüş təşkil edilib. Nazirlik daha genişmiqyaslı nəticələr əldə etməkdən ötrü istehsalçı şirkətləri "Sıfır Tullantı” Bakı Bəyannaməsinə qoşulmağa çağırıb.

Görüşdə “Fors” MMC, “AzEkol” QSC, “Coca-Cola Bottlers Azerbaijan” MMC, “Carlsberg Azerbaijan” MMC, “Babək Sirab” ASC, Badamlı, “Norm” ASC, “Holcim (Azərbaycan)” ASC, “Veysəloğlu Qrup” MMC “Gədəbəy Mineral Sular” MMC, “Smart Veys” MMC, “Yağmur” MMC, Balaxanı Sənaye Parkının rezidentləri, EcoHub İctimai Birliyi, digər şirkət və qurumların nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə