Naxçıvan şəhərindəki Nuh Peyğəmbərin məzarüstü Türbəsi tarixi mənbələrdə

Qədim Azərbaycan torpağı, bəşər sivilizasiyasının beşiklərindən, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmış Naxçıvan diyarı həm də dünyanın ən qədim insan məskəni kimi tanınmışdır. Daş dövründən Naxçıvan ərazisində ibtidai insanlar yaşamışlar. Naxçıvanda daş dövrü mədəniyyətinin izlərinə Qazma, Kilid, Daşqala mağaralarında, Batabat yaylağında, Naxçıvan çayı vadisindəki II Kültəpə yaşayış yeri yaxınlığında, Əlincə çayı vadisindəki Ərməmməd piri və onun ətrafında və başqa ərazilərdə rast gəlinir.

Naxçıvan diyarı öz qədimliyi ilə bu ərazidən tapılmış çoxlu maddi-mədəniyyət nümunələri ilə də diqqəti cəlb edir. Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuş və diyarda xalqımızın zəngin tarixi və mədəni irsi yaranmış və formalaşmışdır.

Naxçıvanın qədimliyini sübut edən mühüm amillərdən biri də bu yurdun Nuh peyğəmbər və tərəfdarları ilə bağlı olmasıdır. Bununla əlaqədar xalq arasında geniş yayılmış rəvayətə görə, ”Naxçıvan toponimi Nuh peyğəmbərlə, daha doğrusu “Dünya tufanı” ilə bağlı olub, ”Nuhçuvan” “Nuh tərəfdarlarının məskəni”, ”Nuh diyarı” deməkdir”. Naxçıvanın təşəkkül tarixindən bəhs edən yunan, ərəb, fars, türk qaynaqlarında, orta əsrlər dövrünə aid salnamələrdə də Naxçıvanın “Nuhçıxan”, ”Nuhcahan”, yəni Nuh şəhəri adlandırılması haqqında məlumatlara həddindən çox rast gəlinir. Xalq arasında yaşayan rəvayətlərdə Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvan bəşər övladının ilk beşiyi, insan nəslinin ulu əcdadı hesab edilən Nuhun dayanacaq yerlərindən biri kimi təsvir edilir və onun adını daşıyır.

“Ümumdünya tufanı” barədə şumer rəvayətlərinin ilk yazılı variantına əsasən Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzi olmuşdur. Qədim şumer əfsanələri “Bilqamış” haqqında akkad eposunun yaranma dövrü ilə Naxçıvanın meydanagəlmə tarixi arasında tarixi əlaqəyə əsaslanaraq, habelə qədim yazılı mənbələrə istinad edərək, alimlər belə hesab edirlər ki, Naxçıvan ərazisi də bunlar içərisində “Ümumdünya tufanı”na düçar olmuş və Nuhun gəmisi quruya bu ərazidə çıxmışdır. Nuh ona iman gətirmiş insanlarla birlikdə məhz burada məskən salmışdır. Bunu dolayısı ilə həm də o sübut edir ki, yer üzərində digər elə bir ərazi yoxdur ki, orada Naxçıvandakı qədər Nuh peyğəmbərin adı ilə bağlı toponimlər olsun.

Belə ki, regionda Nuhdaban, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhgədik, Nürgüt, Nəbiyurdu, Qaranquş yaylağı, Peyğəmbərayağı və onlarla bu kimi yer adlarının mövcudluğu Nuh peyğəmbərin bu torpaqda yaşamasının daha bir əyani sübutudur.

Naxçıvan ərazisi həm də tarix və mədəniyyət abidələri ilə zəngindir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi:”Naxçıvanın ərazisini götürsək,bu kiçik ərazidə həddindən çox dünyamiqyaslı tariximemarlıq abidələri yaşayıb və bu gün də yaşayır.Onların hər biri Azərbaycan xalqının həm tarixini,həm də adət-ənənələrini göstərən abidələrdir”.

Naxçıvan Muxtar Respublikası ərazisində 1173 abidə qeydə alınmışdır ki,bunun da 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir.

Belə abidələrdən biri də Naxçıvan şəhərindəki Naxçıvanqala ərazisində yerləşən Nuh peyğəmbərin məzarüstü türbəsidir. ”Müsəlman türklərinin böyük hörmət və ehtiram bəslədiyi bu məzar Naxçıvanda Sovet hakimiyyəti qurulanadək, bölgənin məşhur ziyarətgahlarından biri idi. Ancaq Sovet hakimiyyəti illərində Azərbaycanın digər məşhur inam yerləri kimi, bu müqəddəs yer-qəbir də xalqa zorla unutdurulmuş, üzərindəki türbə özülünədək dağıdılmışdır”.

2005-ci ildə türbənin bünövrəsi aşkar olunduqdan və arxeoloji tədqiqat işləri başa çatdıqdan sonra,2006-cı ildə Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpasına başlanılmış və 2008-ci ildə türbənin bərpası başa çatmışdır.

Nuh peyğəmbərin məzarüstü türbəsi, onu yerləşdiyi ərazi, tikilmə tarixi, oynadığı rol və əhəmiyyəti haqqında xalq arasında və bir sıra tarixi qaynaqlarda məlumatlar vardır. Həzrəti Nuh peyğəmbərin, onun ailə üzvlərinin, nəsli və tərəfdarlarının Naxçıvanda və bu bölgəyə yaxın ərazilərdə yaşaması, fəaliyyət göstərmələri və qəbirlərinin də burada olması haqqında bilgilər vardır.

Yəhudi alimi İosif Flavi Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab etmişdir.

Qədim yunan alimi Klavdi Ptolomey ilk dəfə Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi qeyd etmişdir. Ptolomey Naxçıvan şəhərinin adını dünyanın yeddi böyük şəhəri ilə bir sırada çəkmişdir.

XVI əsrin görkəmli ərəb alimi və coğrafiyaçısı Əl-Əşrəfi hələ o dövrdə nəinki Nuhun qəbrinin, hətta gəmisinin qalıqlarının Naxçıvanda olmasını yazmışdır.

Fransız coğrafiyaşünası və səyyahı olan Dübua-De-Monpere də öz yol qeydlərində Naxçıvan, Culfa, Ordubad və başqa şəhərlər və yaşayış yerləri haqqında çox maraqlı fikirlər söyləmişdir. Şərur düzündən Naxçıvana doğru hərəkət edən səyyah yazır: ”Nuh şəhəri də buradadır. ”Nuh” sözü ilk yaşayış məskəni deməkdir”. Dübua De Monpere şəhər qalasından və burada yerləşən Nuh qəbrindən də bəhs edərək bildirir ki, ”Dağılmış divar qalıqları bir qəbri sanki qoruyub saxlayır. Buraya hər gün müxtəlif millətlərdən, bizim hamımızın ümumi atası sayılan Nuha ehtiram etmək üçün dəstə-dəstə axışıb gələnlər çoxdur”.

XIX əsrin 80-cı illərində Naxçıvan məktəblərində müfəttiş-müəllim işləmiş K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərində “Naxçıvan mahalının tarixi, coğrafi mövqeyi, demoqrafik inkişaf səviyyəsi, qədim abidələri, iqtisadı vəziyyəti, flora və faunası, yerli əhalinin əsas məşğuliyyət sahələri”ilə yanaşı, Nuhla bağlı maraqlı məlumatlar vermişdir. K.A.Nikitin Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə geniş məlumat verərək yazmışdır: ”Rəvayətə görə, əfsanəvi tufandan sonra Ağrı dağı Nuh peyğəmbəri gəmisi ilə birlikdə qəbul etmişdir. Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun buradakı məzarını və türbəsinin yerini göstərirlər. Hətta Nuh peyğəmbər Naxçıvandakı duz karxanasında fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. O, burada ilk çalışanlardan biri olmuşdur. Nuh Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir. Nuh peyğəmbər və onun ailəsi uzun müddət Naxçıvanda yaşamışdır. Rəvayətə görə, özü, bacısı və ailənin digər üzvləri Naxçıvanda vəfat etmiş və burada dəfn olunmuşdur”.

Azərbaycanın realist rəssamlığının banisi Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür. Həmin nadir əsərlər Naxçıvandakı Bəhruz Kəngərli muzeyində mühafizə olunur.2005-ci ildə Nuh peyğəmbərin qəbrinin yerinin dəqiqləşdirilməsində görkəmli ziyalı Lətif Hüseynzadənin məlumatları ilə yanaşı Bəhruz Kəngərlinin həmin rəsmləri kömək etmişdir. Bu rəsmlər həm də türbənin hansı quruluşa malik olduğunu təsdiq edir.

Tarixi mənbələrdə Nuhun türbəsi haqqında məlumatların olmasına baxmayaraq, bu türbənin hansı dövrə aid olması barədə məlumatlar həm çox səthidir, həm də qeyri-dəqiqdir. K.N.Smirnov qəbrin yaşının 4900 il olmasının inandırıcı olmadığını, K.A.Nikitin məzarın VIII əsrdə bərpa edildiyini yazmışdır. Bəzi tədqiqatçılar türbənin memarlıq elementlərinə əsasən onun XII əsrin I yarısına, bəziləri isə XIV əsrə aid olduğunu göstərmişlər. Lakin bir həqiqət məlumdur ki, Nuhun türbəsi hansı dövrdə tikilməsindən asılı olmayaraq müxtəlif səbəblərdən dağıdılmış, lakin yenidən bərpa edilmişdir. Yenidən bərpa olunmuş Nuh peyğəmbərin məzarüstü türbəsi xalqımızın öz tarixi keçmişinə bəslədiyi münasibəti əyani şəkildə göstərməklə, həm də bərpaların ən mükəmməli və Naxçıvan memarlıq incisinə ən layiqlisidir.

Rəhim Rəhimov

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə