Azərbaycan Almaniyada keçirilən Beynəlxalq Yay Festivalında...

Almaniyanın Münster Universitetinin Xarici Tələbələr Nümayəndəliyinin (ASV) təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Yay Festivalı keçirilib. “Bir dünya, çoxlu hekayələr” şüarı altında baş tutan rəngarəng tədbir müxtəlif ölkələrdən olan insanları bir araya gətirərək musiqi, mətbəx, incəsənət və mədəniyyətin harmoniyasını nümayiş etdirib. Festivalda Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycan Mədəniyyət Ocağı Münster ayrıca stendlərdə ölkəmizin zəngin irsini uğurla təmsil edib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Avropa Azərbaycan Mərkəzinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

Tədbir çərçivəsində milli mətbəx və geyim nümunələri və musiqi ilə yanaşı, Azərbaycanın mədəniyyəti və siyasəti ilə bağlı kitablar da nümayiş olunub. Həmin nəşrlər ziyarətçilərə paylanıb.

Müğənni İlahə Fədanın milli geyimdə ifa etdiyi “Şuşanın dağları” mahnısı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan guşəsində təqdim olunan ləzzətli təamlar, o cümlədən Günay Hüseynovanın hazırladığı şirniyyatlar və mətbəx nümunələri isə alman iştirakçılarda heyranlıq doğurub.

Avropa Azərbaycan Mərkəzinin sədr müavini Ramiz Qasımov tədbirlə bağlı təəssüratlarını bölüşərək bildirib: "Bu cür festivallar Azərbaycanın zəngin mədəni irsini Avropada tanıtmaq üçün əvəzsiz fürsətdir. Xalqımızın incə zövqünü, qonaqpərvərliyini və musiqi ruhunu burada təbliğ etməkdən məmnunuq".

Almaniya Azərbaycan Mədəniyyət Ocağının sədri Eldar Güneyli isə deyib: "Azərbaycanın zəngin mədəniyyətini və tarixinin Avropada bu cür tədbirlər vasitəsilə tanıdılması olduqca vacibdir. Festivalda bu enerjili və peşəkar təqdimat məni çox sevindirdi. Belə platformalarda iştirak həm tanıdıcı, həm də birləşdirici gücə malikdir”.

Tədbirdə fəal iştirak edən ictimai fəal Çağlar Qasımov da festival haqqında fikirlərini bölüşərək deyib: “Bu gün Azərbaycanı təkcə bir guşədə deyil, ləzzət, səs, rəng və hekayələrdə də hiss etdik. Gənclərimizin bu fəallığı bizi sevindirir və ruhlandırır".

Festivalda Azərbaycan stendlərini xeyli iştirakçı ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə