Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ADA Universitetində olub - YENİLƏNİB - FOTOLAR

Azərbaycana səfərə gəlmiş Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava iyunun 28-də ADA Universitetində olub. SİA xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Asiya İnkişaf Bankının rəhbərinin bu ali təhsil müəssisəsində olmasının böyük şərəf olduğunu bildirib.

Bankın prezidenti Masatsuqu Asakava tələbələrlə görüşün əhəmiyyətini qeyd edərək onlara əriməkdə olan buzlaqlarla bağlı videoçarxı nümayiş etdirib. O, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə böyük tədbirlər həyata keçirdiyini vurğulayıb. Bankın prezidenti, eyni zamanda, bu problemə qarşı tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Masatsuqu Asakava ölkəmizdə keçiriləcək COP29-un bu mübarizə ilə bağlı ən gözəl nümunə olduğunu qeyd edib.

“Beynəlxalq təşkilatlar da COP29-un Azərbaycanda keçirilməsini ölkənin bu məsələyə böyük töhfəsi kimi dəyərləndirirlər. Ötən il Dubayda COP-la bağlı verdiyim dəstəyi bu il Azərbaycanda edirəm” - deyə Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava bildirib.

Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə