“Milli-mənəvi dəyərlər sərvətimizdir” FOTOLAR

QMH İB QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Masallı şəhərində növbəti tədbir keçirdi

Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli-mənəvi dəyərlərin yaşadılması" layihəsi çərçivəsində bölgələrdə tədbirlərini davam etdirir. İctimai Birlik növbəti tədbirini Masallı şəhərində yerləşən Mərkəzi Kitabxananın akt zalında rayonun müxtəlif təbəqələrinin nümayəndələri ilə keçirib. Maraqlı müzakirələr şəraitində keçən tədbirdə çıxış edən Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri, layihənin rəhbəri Həsən Qarayev Azərbaycan xalqının özünəməxsus adət-ənənələri, dəyərləri olduğunu bildirdi. Təəssüf hissi ilə onu da qeyd etdi ki, bəzən yenilik, müasirlik adı altında tarixin sınaqlarından üzüağ çıxaraq bu günümüzə qədər gəlib çatan dəyərlərimizə kölgə salmağa çalışırlar. H.Qarayev bu kimi məsələlərdə ehtiyatlı olmağı və adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib: "Qərb dəyərləri adı altında bizə sırınan bir çox adətlər bilavasitə bizim ənənələriməzə xələl gətirilməsinə hesablanıb. Yetişməkdə olan gənc nəsil təsir altına düşərək min illər mövcud olmuş milli-mənəvi dəyərlərimizə qarşı çıxırsa, deməli, məktəbdə təhsilimizdə boşluqlar var. Biz hamılıqla bu boşluğun aradan qaldırılmasına çalışmalıyıq". Masallı şəhər Mərkəzi Kitabxanasının əməkdaşı Günaya Xəlilova isə çıxışında bildirdi ki, milli-mənəvi dəyərlər xalqımızın sərvətidir, bu sərvətin qorunub-saxlanması və gələcək nəsillərə çatdırılması hər bir ölkə vətəndaşının borcu olmalıdır.

Tədbirdə Masallı şəhər Mərkəzi Kitabxanasının əməkdaşları Rəşad İsmayılov, Ağahüseyn Hüseyin, Rasif Dadaşov, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Talıb Qəzənfərli, Dilguşə Məmmədova və digərləri çıxışlarında əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sisteminin qorunub-saxlanması və inkişaf etdirilməsi üçün həmrəyliyə və birliyə ehtiyac olduğunu bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə