“Azərbaycan xalqı müharibənin qalibi olduğu kimi quruculuq işlərində də qalibdir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin iyunun 21-də “Euronews” kanalına verdiyi müsahibədə bir neçə əsas tezis öz əksini tapmışdı. Birincisi Azərbaycan qalib dövlətdir və bu qalib dövlət 30 il ərzində ermənilərin işğalı altında qalan ərazilərini gecə-gündüz çalışaraq yenidən qurur. Görülən işlər bir daha göstərir ki, Azərbaycan xalqı müharibənin qalibi olduğu kimi quruculuq işlərində də qalibdir. İkinci məqam isə qalib tərəf olan Azərbaycan müharibə başa çatdıqdan sonra Ermənistanla sülh müqaviləsini imzalamaq üçün öz şərtlərini irəli sürüb. Azərbaycan Ermənistan tərəfinin də təkliflərinə baxaraq, məqbul olanlarla razılaşıb. Lakin bu gün Ermənistan tərəfi sülh müqaviləsi imzalamağa hazır olduğunu desə də, bunun əksinə olan addımlar atır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, üçüncü məqam isə Qərbin Azərbaycan Ermənistan arasındakı məsələlərə münasibətidir: “Qərb, o cümlədən ABŞ hər iki tərəfi sülh müqaviləsinin imzalanmasına çağırır. Digər tərəfdən isə Fransa Ermənistana hücum silahları verir. Bu zaman artıq Cənubi Qafqazda sülh məsələsi təhlükə altına düşür.
Cənubi Qafqazda sülhün mövcud olması üçün sülh müqaviləsinin imzalanmasına, Qafqaz evinin yaradılmasına ehtiyac var. Fransa sülhə razı olduğunu bildirsə də, müqavilənin imzalanmaması üçün Ermənistana lazımi bütün dəstəyi göstərir.

Növbəti tezis isə Qərb və Azərbaycanla münasibətləri ilə bağlıdır. Qərb Ermənistanı silahlandırmazsa, müqavilənin imzalanmasında özünü üçüncü tərəf kimi göstərməyə çalışmasa təbii ki, bu zaman yaranan problemlər daha sürətli şəkildə həll oluna bilər. Lakin təəssüflər olsun ki, həm bölgənin, həm də bölgədən çox uzaqda olan bir sıra dövlətlər müqavilənin imzalanmasında hər hansı bir formada yer tutmaq istəyirlər.
Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin həll olunması prosesi uğurla həyata keçdi. Qarşıda duran digər məqsəd isə Zəngəzur koridorunun açılmasıdır. Ölkə başçısı da bunu hər zaman çıxışlarında qeyd edir ki, bu həm də Ermənistana mühüm xeyir verəcək. COP29 isə həm Azərbaycanın nüfuzunu nümayiş etdirəcək, həm də konfrans vasitəsilə dünya dövlətlərinin birgə fəaliyyəti üçün hər bir şans yaranıb. Dövlət başçısı müsahibə zamanı bir daha bildirdi ki, Qərbin ayrı-ayrı dairələrinin Azərbaycana münasibətindən asılı olmayaraq Azərbaycan müstəqil dövlətdir, güclü orduya malikdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə