"Böyük beynəlxalq tədbirlərin keçirilməsi həmin ölkəyə etimaddır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Beynəlxalq tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki bu həmin ölkəyə böyük etimaddır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, belə böyük beynəlxalq tədbirlər də hər ölkədə keçirilmir: "Əsasən, o ölkədə keçirilir ki, həmin ölkənin iqtisadiyyatı güclü olur, ölkədə sabitlik olur, o ölkədə təhlükəsizlik təmin olunur. Bu mənada Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir və bunları da yüksək səviyyədə həyata keçirir. Bu ilin noyabrında keçiriləcək ən böyük tədbir isə COP29 olacaq. Çünki bu tədbirdə dünyanın 200-dən çox ölkəsinin nümayəndəsi iştirak edəcək. Bu, indiyə kimi Azərbaycanda olmamış böyük bir beynəlxalq tədbirdir. Bu tədbir də bütün dünya üçün çox maraqlıdır. Ona görə də bu günlərdə BMT-nin baş katibinin müavini və BMT-nin ətraf mühit proqramının icrası direktoru İ.Anderson Azərbaycana gəldi. O, müxtəlif görüşlər, tədbirlər keçirdi. Azərbaycan Prezidenti onu qəbul etdi".

"Azərbaycanın COP29-a ev sahibliyi etməsi, həqiqətən də, ölkəmizin iqlim dəyişikliyi məsələsində liderliyinin təcəssümü və nümunəsi olduğunu göstərir. Azərbaycan yaşıl iqlim və yaşıl keçid nöqteyi nəzərindən qəti siyasi iradə nümayiş etdirir. Azərbaycanda milli səviyyədə ətraf mühit istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə rəqəmsal əsaslı və ağıllı kənd təsərrüfatı konsepsiyasını inkişaf etdirməklə tullantıların idarə edilməsi, ətraf mühitin Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər bu gün yüksək qiymətləndirilir. Azərbaycanda keçirilən beynəlxalq neft-qaz sərgilərində dünyanın bu sahədə olan nəhəng şirkətlərinin nümayəndələrinin iştirakı, ABŞ Prezidenti C.Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərməsi və bu tədbirləri alqışlaması çox böyük etimaddır, Azərbaycana olan dəstəkdir. Hesab edirəm ki, Azərbaycan olaraq noyabrda keçiriləcək COP29 tədbirini yüksək səviyyədə keçirəcəyik. Çünki biz artıq böyük tədbirlərin keçirilməsini bilirik. Ancaq bu səviyyədə tədbir hələ Azərbaycanda olmayıb. Ona görə də bu tədbirin də yüksək səviyyədə keçirilməsi gözlənilir.

Belə beynəlxalq tədbirlərin əhəmiyyəti həddindən artıq çoxdur. Birinci, Azərbaycan, onun iqtisadiyyatı, mədəniyyəti tanınır. Azərbaycanın görməli yerlərini, xalqının mentalitetini, istiqanlılığını, sevgisini görürlər. Bu da Azərbaycanın təbliğ olunmasına səbəb olur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə