"Qərb Azərbaycanın mesajını və mövqeyini nəzərə almış oldu" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan tərəfindən Brüsseldə 5 Aprel tarixində keçiriləcək məlum görüşlə bağlı narahatçılıq vardı və hesab edirəm ki, bu narahatçılıqların əsası var. Çünki Azərbaycanın iştirakı olmadan Aİ və ABŞ Ermənistanla belə bir görüşə təşəbbüs göstərir və bu haqda Azərbaycana izahat verilmir. Bununla yanaşı Azərbaycanla sərhəd bölgədə Avropa İttifaqı missiyasının genişləndirilməsi haqqında məlumatlar yayılır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ortada sülh müqaviləsi olmayan və hələ də əraziləri delimitasiya edilməmiş ölkənin Qərb hərbi bloku ilə əməkdaşlıq görüşü təbii ki, narahatçılıq doğurmaya bilməz: “Belə müşahidə olunur ki, Qərb regionda birtərəfli qaydada hansısa fəaliyyətlər həyata keçirmək istəyir və bu da təbii olaraq Azərbaycanın narahatlığına səbəb olub. ABŞ Dövlət katibi Blinken böyük ehtimal bu məsələləri aydınlaşdırmaq və Azərbaycan Prezidentini arxayın etmək üçün zəng edib. Hesab edirəm ki, Azərbaycanın bu görüşlə bağlı narahatçılığı Qərbdə ciddi qarşılanıb, ona görə ABŞ Dövlət Katibi səviyyəsində Azərbaycan Prezidentinə zəng olunub”.

V.Əhmədovun fikrincə, zəngin daha bir əhəmiyyəti ondan ibarətdir ki, regionla bağlı hər hansı görüş və məsləhətləşmələr aparılarkən Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır: “Qərbin Ermənistana hər hansı dəstək cəhdləri bu ölkənin revanşist meyillərini daha da artıra bilər. Güman edirəm ki, Qərb də bu mənada Azərbaycanın mesajını və mövqeyini nəzərə almış oldu. Amma istənilən halda Azərbaycan Qərbin təşəbbüsü ilə keçirilən görüşlərə müsbət yanaşıb, bununla bağlı cənab Blinkenlə telefon danışığında Prezident İlham Əliyev Praqa görüşünü təsadüfi vurğulamadı. Ona görə düşünürəm ki, Qərb birtərəfli qaydada Ermənistanın iştirakı ilə yeni formatlar icad etməməli, artıq qəbul olunmuş prinsiplərə əsasən nizamlanma prosesinə öz dəstəyini göstərməlidir”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə