"ABŞ-nin dünyaya ağalığı heç bir insan hüququna əsaslanmır" - ŞƏRH EDİLDİ

"ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlığın vəziyyəti ilə bağlı hesabatları həmişə qərəzli xarakter daşıyıb. Ümumiyyətlə, islam dövlətlərinə, o cümlədən, Azərbaycana birmənalı şəkildə nifrət hər zaman hiss olunub. Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Bu ölkədə məscidlə yanaşı sinaqoq da, kilsə də var. Azərbaycan dünyəvi dövlətdir, yəni din dövlətdən ayrıdır. Burada müəyyən dini mərasimlərin radikal şəkildə keçirilməsi, məzhəbyönlü fəaliyyət qadağandır. Bu, qanunvericilikdə də öz əksini tapıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, hansısa məzhəbin qarşısı alınanda hay-küy qaldırırlar və ABŞ da bu kimi hallara görə guya Azərbaycanda dini azadlığın pozulmasına dair əsassız iddialar ortaya atır: "Azərbaycanda kim şəxsi olaraq hansı dinə qulluq etmək istəyirsə, edə bilər. Amma heç vaxt bunu cəmiyyətdaxili ziddiyyətlər, qarşıdurmalar yaratmağa yönəldə bilməz. Təbii ki, Azərbaycanda tolerantlıq, dini azadlıq mövcuddur. Ona görə də ABŞ-nin bu hesabatlarını qərəzli hesab edirəm. Ümumiyyətlə, ABŞ nə vaxta qədər təhlil apararaq dünyada öz hökmünü sürdürəcək?".

Deputat qeyd edib ki, bunun səbəblərindən biri islam dünya mərkəzinin olmamasıdır: "Məsələn, İslam Əməkdaşlıq Təşkilatı Qərb ölkələrində din və digər sahələrdə insan hüquqlarının pozulması ilə bağlı hesabat hazırlaya və dünyaya təqdim edə bilər. Çin gecikmiş olsa da, bu məsələnin həllinə başlayıb. ABŞ-nin dünyaya ağalığı heç bir insan hüququna əsaslanmır. Biz ABŞ-nin İraqda, Əfqanıstanda din məsələləri ilə nə cür cəhənnəmə çevirdiyinin şahidi olmuşuq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə