Ərazilərin bərpası işlərin daha da sürətlənəcəyinə inam yaradır – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

İşğaldan azad olunmuş ərazilərimizdə görülən işlər, həyata keçirilən çox mühüm layihələr qürurvericidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, artıq ərazilərin bərpası üçün yeddi milyard dollardan artıq vəsaitin sərf olunması və burada həyata keçirilən infrastruktur layihələr gələcəkdə bu işlərin daha da sürətlənəcəyinə inam, ümid yaradır və sevindirici haldır ki, artıq ötən ilin iyul ayından həmin ərazilərə insanların köçürülməsinə başlanılmışdır.

“İndi Laçın və Füzuli şəhərlərində, eləcə də Zəngilanın bir sıra yerlərində məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Gələn ilin büdcəsində ərazilərin bərpası, abadlaşdırılması, təmir-tikinti işlərinin görülməsi üçün dörd milyard əlavə vəsaitin ayrılması insanların daha tez məskunlaşmasına imkan yaradacaq və elə bilirəm ki, bu vəsait həmin dövrdə müəyyən qədər artırılacaq və həmin ərazilərə xarici sərmayədarlar da cəlb olunacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə işlərin sürətləndirilməsinə və yeni tədbirlərin həyata keçirilməsinə çox önəm verir və vaxtaşırı olaraq həmin regionlara səfərlər edir. Son üç ildə 105 təməlqoyma, 63 açılış mərasimində ölkəmizin rəhbərinin iştirak etməsi bilavasitə göstərir ki, ölkə rəhbəri öz vədinə sadiqdir və həmin ərazilərin cənnətə çevriləcəyi barədə verdiyi sözləri əməli işlərlə həyata keçirməkdədir. Əlbəttə ki, bu proses nəinki bizi, Azərbaycana dost olan bütün dövlətləri sevindirir. Bu prosesdə qardaş Türkiyənin iş adamları yaxından iştirak edir, qardaş Özbəkistan və Qazaxıstan respublikaları bu ərazilərdə məktəb tikir, mədəniyyət mərkəzləri istifadəyə verirlər. Digər qonşu ölkələrin, dostların gələcəkdə bu prosesə sözsüz ki, qoşulmaq arzuları olacaq və bu da Azərbaycana olan etimadın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinə verilən qiymətdən qaynaqlanır.

Əlbəttə ki, ərazilərin minalardan təmizlənməsi, bu yerlərdə yeni torpaqların əkin dövriyyəsinə qatılması kənd təsərrüfatının inkişafına da imkanlar açacaq. Artıq həmin ərazilərdə 72 min hektardan artıq sahədə taxıl əkilib. Digər kənd təsərrüfatı məhsulları yetişdirilməkdədir. Yayda mal-qaranın Kəlbəcər yaylaqlarına qaldırılması, arı ailələrinin həmin ərazilərə köçürülməsi ərazinin kənd təsərrüfatı potensialından xəbər verir və sözsüz ki, gələcəkdə aqrar sektorun inkişafı üçün bu sahələrdə əlavə tədbirlər həyata keçiriləcək. Bu gün hər bir Azərbaycan vətəndaşı tarixi qələbələrimizlə bərabər regionda görülən işlərin sanbalını, onun gələcəyimiz üçün, insanların rahatlığı və iqtisadi inkişaf üçün vacib olduğunu yüksək qiymətləndirir. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə bu ərazilərdə görülən işlər müasir tələblər səviyyəsindədir və şəhərlərin yenidən qurulması, ağıllı kənd layihələrinin həyata keçirilməsi bu regionların gələcək yüksək potensialından xəbər verir. Əlbəttə ki, regionların belə yüksək səviyyədə qurulması, bərpa edilməsi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, tunellərin çəkilməsi, yolların abadlaşdırılması, körpülərin salınması ölkənin gələcək inkişafı üçün vacibdir və digər tərəfdən də Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna yeni bir tövhədir. Bu bizim hər birimizi sevindirir və sözsüz ki, xalqımız bərpa işlərini, görülən tədbirləri və köçkünlərin öz yurdlarına qayıtmasını böyük sevinclə qeyd edirlər, yüksək əhval-ruhiyyə ilə qarşılayırlar”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə