"Atdığımız addımlar dostlarımız üzərində təzyiq vasitəsi ola bilməz" - POLİTOLOQ ŞƏRH ETDİ

"İlkin olaraq onu qeyd etmək lazımdır ki, “F-16 böhranı” 2019-cu ildən etibarən Amerika-Türkiyə münasibətlərinin gərginləşdiyi hər bir məqamda əsas təzyiq vasitəsinə çevrilib. Yəni, bu məsələnin birbaşa olaraq Azərbaycan-Türkiyə əlaqələri ilə heç bir bağlılığı yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasını bəhanə edən ABŞ Türkiyənin bu proqramdan çıxarıldığını elan edib: "Bugünə qədər də fərqli mərhələlərdə maraqların toqquşduğu istənilən məqamda “təzyiq” vasitəsi olaraq davamlı şəkildə gündəmə gətirilir. İndiki mərhələdə Amerikanın regional maraqları kontekstində bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycanın mövqeyinə təsir etməyə çalışdığını nəzərə aldıqda, Türkiyəyə münasibətdə belə mövqeyin nümayiş etdirilməsi təəccüb yaratmır. Çünki Amerika və ümumilikdə birləşmiş Qərb Türkiyə-Azərbaycan müttəfiqliyi fonunda Cənubi Qafqazda yaranmış yeni reallıqları dəyişmək üçün Ermənistanı himayə etməyin heç bir nəticə verməyəcəyini çox gözəl anlayırlar".

"Ona görə də, belə absurd tələblərlə çıxış etməyə başlayıblar. Ancaq çıxışlarda qeyd olunan əsassız iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Türkiyə Qarabağın işğaldan azad edilməsi zamanı bizə ancaq mənəvi və diplomatik dəstək verən strateji tərəfdaşımız və dost-qardaş ölkə olub. Ərazi bütövlüyümüz Ali Baş Komandanın rəhbərliyi altında qalib ordumuz tərəfindən bərpa olunub və bizim bu istiqamətdə atdığımız addımlar heç bir halda dostlarımız üzərində təzyiq vasitəsi ola bilməz",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə