"Aİ-nin açıqlaması prosesin necə şəffaf şəkildə aparıldığını göstərir" - SƏDR MÜNASİBƏT BİLDİRİB

"Bu gün Azərbaycanın Qarabağda suverenliyini bərpa etdikdən sonra bölgəni tək edən ermənilərin özləri üçün müəyyən etdikləri yalnız bir kriteriya var. Onlar bildiriblər ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq həmin ərazidə yaşamaq istəmirlər. Heç bir faktor onların bölgəni tərk etməsi üçün əsas vermir. Çünki ölkə başçısı tərəfindən bəyan olunub ki, Azərbaycan vətəndaşlığını qəbul edən və qanunlarımıza tabe olan hər bir erməni sakini bölgədə qala, öz evində yaşamağa davam edə bilər". Bu sözləri SİA-ya açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal deyib.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan dövləti bütün vətəndaşlar kimi onların da hüquq və təhlükəsizliyinə, sosial-mədəni hüquqlarının təmin olunmasına təminat verir: "Bu gün ermənilərin bölgədən kütləvi köçü onu göstərir ki, əhalinin böyük hissəsinin beyni zəhərlənib. Onlar 35 ili əhatə edən separatizm düşüncəsi ilə Azərbaycanın qanunları çərçivəsində yaşamaq istəmirlər. Amma burada bir paradoksal məsələ var. Azərbaycan dövləti hələ ərazidə vətəndaşlıqla bağlı hər hansı bir prosedura, sənədləşmə işinə başlamayıb. Nəzərə alsaq ki, hərbi tədbirlər də dayandırılıb, Azərbaycan Ağdam-Xankəndi və Laçın yolu vasitəsilə bölgəyə çox sayda humanitar yardımlar çatdırır, belə bir vəziyyətdə ermənilər nə üçün kütləvi şəkildə bölgəni tərk edirlər? Bu onu göstərir ki, bunun da ardında bir məkrli siyasət var. Məqsəd Azərbaycanı etnik təmizləmə həyata keçirməkdə ittiham etməkdir. Amma bütün bu proseslər şəffaf şəkildə dünyanın gözü qarşısında həyata keçirilir. Hətta Azərbaycan təmin etmişdi ki, xarici jurnalistlər belə Laçın nəzarət-buraxılış məntəqəsində ola və prosesi izləyə bilərlər".

"Gördüyünüz kimi, oradan keçən ermənilər hər hansı zoraki vasitələrlə deyil, könüllü şəkildə getmək istədiklərini bildirirlər. Azərbaycanın da müvafiq dövlət qurumlarının nümayəndələri onları normal şəkildə yola salır. Bu baxımdan Avropa İttifaqının Azərbaycanla bağlı açıqlaması onu deməyə əsas verir ki, istər ayrı-ayrı dövlətlər, istərsə də beynəlxalq təşkilatlar bu proses şəffaf və konstruktiv formada təşkil olunur",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə