"Makron kimi perspektivsiz adamı vacib görüşlərə yaxın buraxmaq olmaz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Praqa görüşündə Fransa prezidenti Makronun iştirak etməsi üçün İlham Əliyev razılıq vermişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, sentyabrın axırına yaxın Fransadan nümayəndə heyəti gələrək Prezident İlham Əliyevdən xahiş etmişdilər ki, rəsmi Bakı prezident Makronun iştirakına müsbət yanaşsın: " Həqiqətən Azərbaycan lideri nəcibliklə və hörmətlə yanaşaraq etirazının olmadığını bildirdi. Bir halda ki, gündəmdə olan sülh məsələsidir. Azərbaycanın niyyəti aydındır. Azərbaycan istəyir ki, Ermənistanla artıq danışıqlardan nəticə əldə etsin və Ermənistanı revanşizm ideyalarından uzaqlaşdırsın. Lakin biz Praqa görüşündə və görüşdən sonra şahidi olduq ki, Fransa prezidenti təxribatyönümlü mövqe sərgilədi. Eyni zamanda, Azərbaycana qarşı təhriki siyasət aparmağa başlamaqla yanaşı, Ermənistanın bütün etdiyi təxribatlara və qeyri- qanuni hərəkətlərə bəraət qazandırdı. Fransanın gözündə Ermənistan Cənubi Qafqazın xəstə dövləti olmalı idi. Ona görə ki, Ermənistan daim vəziyyəti gərgin etmək, qarşıdurma meyillərini artırmaq istəyindədir. Biz şahidi olduq ki, Rəsmi Paris qeyri-adekvat qeyri-sağlam mövqedədir. Ona görə dekabrda Avropa İttifaqı ilə nəzərdə tutulan görüşdə Makronun iştirakına qəti şəkildə icazə verilməyəcək. Çünki Makron dağıdıcılıq niyyəti ilə masa arxasına oturacaqsa, Prezident İlham Əliyev qətiyyətli bir prinsipiallıq göstərib, onunla masada oturmayacaq".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, Fransa kimi böyük bir dövlətin özünü cılız tərzdə ifadə etməsi anormal bir görüntüdür: " Çünki Fransanın həqiqətən də əvvəllər ağır çəkili rəhbərləri olub. BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan və nüvə silahının daşıyıcısı olan Fransanın rəhbərliyində cılız və qeyri-sağlam şəxsin başda oturması Fransanın siyasətsizliyini göstərir. Paris Türkiyəyə də qısqanclıqla yanaşır. Türkiyənin fəallığının qarşısını almağa çalışır. Sağlam proseslərə qeyri-sağlam yanaşması anormal siyasətçi kimi tanıdır. Fransa həm də İtaliya ilə münasibətləri korlayıb. Avropa İttifaqının daxilində də Fransanın mövqeləri zəifləyib. Prezidentin dekabrda olacaq görüşdə Fransanın iştirak etməsini rədd etməsi çox ağıllı yanaşmadır. Perspektivsiz adamı vacib görüşlərə yaxın buraxmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə