"Yenə də bəzi məsələlərdə aydınlığa ehtiyac var" - MÜNASİBƏT BİLDİRİLDİ

“Milli Məclis “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edib. Bu dəyişikliklər əsasən xarici media qurumlarının Azərbaycandakı fəaliyyətinə, qeydiyyatına və fəaliyyətlərinə nəzarətə dair yeni qaydaları əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.

Müşfiq Ələsgərli sözlərinə belə davam edib: “Bu mövzu yeni deyil — əvvəllər də xarici jurnalistlərin fəaliyyəti müəyyən qaydalarla tənzimlənirdi. Belə ki, 2015-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası Qaydaları”na əsasən, xarici jurnalistlər Xarici İşlər Nazirliyində akreditasiyadan keçdikdən sonra ölkə ərazisində fəaliyyət göstərə bilirdilər. Müraciətlərə 30 gün ərzində baxılırdı.

Ekspert qeyd edir ki, həmin qaydalarda bəzi boşluqlar var idi və xarici media təmsilçiləri bu boşluqlardan istifadə edə bilirdilər. Bu səbəbdən 2022-ci ildə yeni və daha dəqiq qaydalar hazırlanaraq qəbul olundu. Yeni sənəd “Media haqqında” Qanunun 11-ci maddəsinə uyğunlaşdırıldı və həm məzmun, həm də struktur baxımından təkmilləşdirildi.

Ələsgərlinin fikrincə, son 3 ildəki təcrübə göstərdi ki, yenə də bəzi məsələlərdə aydınlığa ehtiyac var. Məsələn, əvvəlki sənədlərdə xarici jurnalistlərin qaydaları pozduqda hansı məsuliyyətə cəlb olunacaqları tam dəqiq göstərilməmişdi. İndi isə bu boşluqların aradan qaldırılması üçün yeni hüquqi addımlar atılır.

Müzakirəyə çıxarılan son dəyişikliklərə əsasən, xarici media qurumları və onların təmsilçiləri fəaliyyətə başlamaq üçün təkcə Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməyəcək, həm də Media Reyestrində qeydiyyata alınacaqlar. Bu reyestrə daxil olmaqla, onlar artıq “Media haqqında” Qanunun tələblərinə riayət etməli olacaqlar. Əgər həmin tələblər pozularsa, xarici media nümayəndələri qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri ilə üzləşəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə