"Müstəqil Azərbaycan dövləti mövcud olduqca, mətbuata dövlətin dəstəyi davam edəcək" - ŞƏRH EDİLDİ

"Azərbaycanda mətbuatın 150 illik tarixi bir neçə inkişaf mərhələsini əhatə edir ki, bu mərhələlər həm keyfiyyət, həm də kəmiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Xüsusilə, müstəqillik əldə edildikdən sonra və xüsusilə son 20 ildə Azərbaycan mətbuatı yeni inkişaf xüsusiyyətləri ilə seçilməyə başlamışdır. Bu dövrün ən xarakterik cəhətlərindən biri mətbuata dövlət dəstəyinin institutlaşması olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, mətbuat sahəsində dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı yaradılmışdır: "Bu orqan mətbuat subyektlərinə metodiki, iqtisadi və maliyyə yardımı göstərməklə onların fəaliyyətinə sistemli dəstək verməkdədir. Mətbuatın dövlət tərəfindən himayə olunması onun davamlı inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, kadr potensialının artırılmasına və informasiya təhlükəsizliyinin təmininə yönəlmiş kompleks tədbirlər sistemi kimi çıxış edir.

İlkin mərhələlərdə bu institutun yaradılması ilə bağlı bəzi narahatlıqlar və tənqidi yanaşmalar mövcud olsa da, zaman keçdikcə bu modelin effektivliyi və məqsədəuyğunluğu özünü göstərmişdir. Bu gün aydın şəkildə müşahidə olunur ki, mətbuata dövlət dəstəyinin institusional formatda təşkili medianın sabit və təhlükəsiz fəaliyyətinə şərait yaradan mühüm mexanizmdir.

Bundan sonra da Azərbaycanda, xüsusilə yazılı mətbuatın dövlət himayəsi altında fəaliyyət göstərməsinə ciddi ehtiyacın olduğu məsələsinə həssaslıqla yanaşılacağı şübhəsizdir. Bu, yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin gözləntiləri sırasındadır. Çünki, 150 illik inkişaf tarixi boyunca Azərbaycan mətbuatının əldə etdiyi ən böyük nailiyyətlərdən biri onun özünü qoruyub saxlaması, dəyişən ictimai-siyasi şərtlər daxilində varlığını davam etdirməsi olmuşdur.

Zamanla mətbuatın üzərində yeni media seqmentləri – televiziya, radio, onlayn informasiya portalları, sosial media platformaları və digər kütləvi informasiya vasitələri formalaşmışdır. Lakin bu seqmentlərin əksəriyyəti məhz yazılı mətbuatın tarixi təcrübəsi və formalaşdırdığı ənənələr üzərində inkişaf etmişdir".

Siyasətçi həmçinin bildirib ki, Azərbaycan mətbuatının 150 illik tarixində başqa bir mühüm nailiyyət də onun milli-mənəvi dəyərlər sisteminə söykənərək fəaliyyət göstərməsidir: "Mətbuat, yalnız informasiya ötürücüsü deyil, eyni zamanda milli mənəvi dəyərləri, vətənpərvərlik ruhunu, dövlətçilik ideyalarını və ümumilikdə azərbaycançılıq ideologiyasını yaşadan və yayan mühüm ictimai institutlardan birinə çevrilmişdir.

Beləliklə, mətbuatın dövlət tərəfindən dəstəklənməsi və bu dəstəyin ilk dəfə müstəqil Azərbaycan dövründə institusional xarakter alması, ölkənin informasiya məkanında strateji nailiyyət kimi dəyərləndirilməlidir. Bu, mətbuatın davamlılığına, peşəkarlığının yüksəldilməsinə və onun ictimai funksiyalarının yerinə yetirilməsində mühüm rol oynamışdır.

Azərbaycan mətbuatının 150 illik tarixinin böyük bir dövrü onun dövlət himayəsindən kənarda fəaliyyət göstərdiyi mərhələni əhatə edir. Lakin müstəqillik dövrü, xüsusilə də 1993-cü ildən bu günədək olan mərhələ Azərbaycan mətbuatının dövlət himayəsi altında inkişaf etdiyi dövr kimi səciyyələnir. Bu, olduqca böyük bir nailiyyətdir.

Yəqin ki, müstəqil Azərbaycan dövləti mövcud olduqca, mətbuata dövlətin dəstəyi də bir institut kimi mövcudluğunu davam etdirəcəkdir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə