“Gün o gün olsun, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin” - BAŞ REDAKTORLAR ARASINDA SORĞU

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

Odur ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək. SİA mövzu ilə bağlı baş redaktorların fikirlərini öyrənib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova: “Ötən ay cənab Prezidentin Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə imzaladığı sərəncam, medianın inkişafına verdiyi önəmin bariz göstəricisidir. Azərbaycan mətbuatının 150 illik tarixi zəngin və keşməkeşli yol keçib. Lakin xüsusilə son beş ildə medianın inkişafı öz zirvəsinə çatmışdır. Vətən müharibəsi dövründə bu yol şanlı Zəfərlə başa çatdı və biz, jurnalistlər, bu Zəfəri xalqa çatdıran ön cəbhədə çalışan söz əsgərləri olduq. Yazdıq, çəkdik, göstərdik. Biz Qarabağ Zəfərini salnamələşdirən, qəhrəmanlarımızı xalqımıza və dünyaya tanıdan jurnalistlərik. Bu, hər birimiz üçün böyük şərəfdir.

Azərbaycan mediasının bu şərəfli tarixində Naxçıvan Muxtar Respublikasının 104 illik "Şərq qapısı" qəzeti xüsusi yer tutur. Qarşılaşdığı çətinliklərə baxmayaraq, bu qəzet Naxçıvanın səsi, güzgüsü olaraq fəaliyyətini davam etdirmiş və bu günə qədər gəlib çatmışdır. Ümummilli lider Heydər Əliyev dəfələrlə bu qəzetin fəaliyyətini yüksək qiymətləndirib, yubileyləri münasibətilə təbrik məktubları göndərib. Deyirdi: “Mən Şərq qapısı qəzetinin təsiri altında tərbiyələnmişəm.”

Bu gün də qəzetimiz ümummilli liderin ideyalarına sadiq qalaraq dövlətçilik ənənələrini yaşadır və media sahəsində fəaliyyətini davam etdirir. Yubiley ərəfəsində bütün həmkarlarımı, əslində isə cəmiyyətin bütün üzvlərini təbrik edirəm. Çünki hər kəs media oxuyur, izləyir, dəyər verir. Arzu edirəm ki, gün o gün olsun, Azərbaycan mediasının səsi Zəngəzurdan gəlsin!”.

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev: “Milli Mətbuatın 150 illiyi münasibətilə Prezident sərəncamının əhəmiyyəti təbii ki çox önəmlidir. 150 il çox böyük bir rəqəmdir. Yəni nəzərə alsaq o dövrün xüsusiyyətləri, o dövr Azərbaycanın müstəqil olmamağı, çar Rusiyasının bir əyaləti olmağının və belə bir vaxtda müstəqil mətbuatın yaranması Azərbaycan xalqının təkamülündə, inkişafında, maarifləndirilməsində çox böyük önəmli rol oynayır. Təbii ki belə bir önəmli şanlı tarixi olan mətbuatımızın 150 illiyinin qeyd edilməsi, Prezident İlham Əliyev tərəfindən sərəncam verilməsi ölkə başçısının həmişə olduğu kimi Azərbaycan mətbuatına olan diqqət, qiymət, dəyərdir.

Biz bilirik ki, təkcə yubiley rəqəmləri ilə bağlı Azərbaycan mətbuatına qayğı göstərilmir. Azərbaycan mətbuatına, Azərbaycan Respublikasının Prezidenti tərəfindən daim qayğı göstərilir və nəzərə alsaq ki, bugünkü medianın inkişafa getdiyi, Medianın İnkişafı Agentliyi məhz ölkə başçısının birbaşa sərəncamı ilə yaradılıb ki, Azərbaycan mətbuatının 21-ci əsrdə çap mətbuatının çətin durumlar bütün dünyada ayaq qaldırdığı bir dövrdən bu günə qədər dayanıqlı olmasında məhz ölkə başçısının birbaşa rolu var.

Ölkə başçısının məhz bu sərəncamları ilə, belə yardımları ilə hansı ki hər il aparıcı qəzetlərə, saytlara maddi yardımlar göstərilir. Bu 150 illik şərəfli tarixi olan Azərbaycan mətbuatının bu günə qədər ayaqda qalmasında, yaşanmasında çox önəmli rol oynayıb. Hesab edirəm ki, bundan sonra da bu siyasət davam edəcək və bu sərəncam verməklə ölkə başçısı bir daha Azərbaycan mətbuatına onun tarixinə bugünkü durumuna, Azərbaycan mətbuatına Azərbaycandakı roluna, Azərbaycanın həqiqətlərinin dünyaya yayılmasında oynadığı rola Azərbaycan jurnalistiksına verilən ən böyük qiymətdir.

Ölkə başçısının birbaşa rəhbərliyi, diqqəti ilə bugün Azərbaycan mətbuatı 150 il bundan qabaq yaranmış ənənəsini nəinki davam etdirir, hətta bu mətbuatın inkişafında əhəmiyyətli rol oynayır. Çox önəmli bir sərəncamdır və hesab edirəm ki, bu sərəncamdan gələn bütün Prezidentin göstərdiyi və verdiyi tapşırıqlar hamısı yerinə yetiriləcək. Azərbaycan mətbuatının 150-160-170 - 200 illik tarixində də milli mətbuatımızın yaşamasını, inkişafını görəcəyik.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Azərbaycan Milli Mətbuatının 150 illiyi ilə bağlı Prezident sərəncamı həm də strateji əhəmiyyətə malik olan dövlət sənədidir. Bu bir daha ölkədə medianin inkişafına, dövlətin dəstəyinin artıq fasiləsiz bir instituta çevrildiyini göstərir.

Fərmanda geniş miqyaslı tədbirlər nəzərdə tutulur. Bu tədbirlərin miqyası elə tərtib olunub ki, bütün cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, medianın özünün və müxtəlif dövlət strukturlarının bu prosesin içində aktiv subyektlər kimi iştirakını nəzərdə tutur. Bu o deməkdir ki, Azərbaycan dövlət başçısının bu sərəncamı mediyaya, dövlətin qayğısının həm də ümumi Azərbaycan işi və nailiyyəti olduğunu nümayiş etdirir.

Mətbuatın 150 illiyi ilə bağlı Prezident sərəncamı medianın dövlət himayəsində olduğu kimi əhəmiyyətli bir strateji əhəmiyyətli sosial təzahürü göstərir. Eyni zamanda hər kəsdə bir inam yaradır ki, Azərbaycan mediası əbədi şəkildə Azərbaycan dövlətinin himayəsində olacaq. Çünki təcrübə göstərir ki, dövlət himayəsindən məhrum olan media uzun müddət yaşaya bilməz. Hətta yaşadığı müddətdə də güclü ola bilməz.

Medianın indiki şəraitdə güclü olması üçün vacib şərtlərdən biri onun dövlət himayəsi altında olması və inkişafı üçün qanunvericilik təminatının daim təkmilləşdirilməsidir. Eyni zamanda jurnalistlərin hər tərəfli şəkildə dövlət himayəsi altında olmasıdır. 150 illik sərəncamı Azərbaycan mediasının 150 illik inkişaf yollarına Azərbaycan dövlətinin ən böyük töhvəsidir. Eyni zamanda növbəti daha uzun bir dövr üçün böyük proseslərin başlanğıcı kimi dəyərləndirilə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə