""Səs" qəzeti bu gün də ənənələrinə sadiqdir" - MÜNASİBƏT BİLDİRİLDİ

""Səs" qəzeti Azərbaycanda obyektiv fikrə, doğru sözə ehtiyac olduğu bir vaxtda məhz gerçəkliyi, həqiqəti, obyektiv fikri səsləndirən bir qəzet kimi ortaya çıxdı. Bu günlərdə artıq "Səs"in 34 yaşı tamam olacaq. Bu münasibətlə bütün kollektivi, başda çox hörmətli ziyalımız, əziz dostum Bəhruz Quliyev olmaqla hər birini təbrik edirəm". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, "Səs" qəzetinin yaranması bir zərurət idi: "Çünki 90-cı illərin əvvəllərində Azərbaycanda media üzərində bir təzyiq və xaos vardı. Doğru sözü demək üçün tribuna yox idi. Azərbaycanın müstəqil dövlət ideyalarını real ictimai-siyasi proseslər konteksində həyata keçirə biləcək böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin tribunasına "Səs" qəzeti çevrildi. "Səs" qəzeti Azərbaycan ziyalılarının Ulu Öndərə müraciətini çap etməklə o dövrdə böyük bir cəsarət nümayiş etdirmiş oldu. Həm də öz adını tarixə yazmış oldu. Ulu Öndərin "91"lərə cavabı da "Səs" qəzetində ilk dəfə çap olundu. Bu media tariximizin ən şərəfli səhifələrindən biridir ki, bu da "Səs" qəzetinin bəxtinə düşüb".

Hikmət Babaoğlu sözlərinə belə davam edib: "Ona görə də bundan sonrakı tarixi mərhələdə "Səs" qəzeti daima öz prinsipial mövqeyini qoruyub saxlamağı bacaracaq. Bu qəzet cəmiyyətimiz üçün demokratiya tribunası olmağı, heç vaxt öz mövqeyindən geri çəkilməyərək doğru sözü deməyi bacarıb. "Səs" qəzeti Azərbaycan dövlətinə, dövlətçiliyinə, milli maraqlarımıza qarşı qarayaxma kampaniyası keçirən müxtəlif təşkilatları çəkinmədən ifşa edib. Burada da böyük cəsarət göstərib. Bu gün də "Səs" qəzeti ənənələrinə sadiqdir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə