"Şuşa dünyanın media mərkəzinə çevriləcək" - MŞ SƏDRİ ŞƏRH ETDİ

“Şuşada keçirilən Qlobal Media Forumu bir çox cəhətdən əlamətdar və tarixi hadisə idi. Azərbaycan Prezidentinin Forumun açılış mərasimində jurnalistlərlə görüşməsi və müxtəlif mövzularda olan bir çox suala ətraflı cavab verməsi dünya mediasının ölkə başçısına olan marağının göstəricisi idi. Forumda yalnız Azərbaycan, o cümlədən, Şuşa ilə deyil, eyni zamanda müasir dünyanın beynəlxalq siyasəti ilə bağlı da suallar da verildi. Bu da göstərir ki, Azərbaycan Prezidenti artıq kiçik bir ölkənin başçısı yox, dünya liderləri cərgəsində dayanan bir siyasətçidir. Biz bununla qürur duyuruq”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Onun sözlərinə görə, Forumun Şuşada keçirilməsinin mənəvi çəkisi də var idi: “Azərbaycanın işğaldan azad olunmuş mədəniyyət paytaxtı olan Şuşada keçirilən bu Forum dünyanın diqqətini ölkəmizdə gedən quruculuq işlərinə cəlb etmək baxımından əhəmiyyətli idi. Hesab edirəm ki, dövlət başçısının hər zaman Azərbaycanda müstəqil mediaya münasibətini bildirən fikirləri bu dəfə beynəlxalq jurnalistlərin qarşısında səsləndirməsi çox mühüm bir hadisə idi. Eyni zamanda, müasir texnologiyaların yaratdığı yeni şəraitdə Azərbaycan Prezidentinin mediaya diqqət göstərməsi və sosial mediada yazılanlara münasibət bildirməsi həm yerli, həm də beynəlxalq jurnalistlər üçün böyük əhəmiyyət daşıdığını düşünürəm”.

Rəşad Məcid sözlərinə davam edərək bildirib ki, ölkə başçısının tövsiyəsi ilə bu Forum hər il keçiriləcək: “Bu, əvvəla, Forumun təşkilatçıları qarşısında böyük məsuliyyət qoyur. Yeri gəlmişkən, Forumun təşkilatçılığında əməyi olan və belə yüksək səviyyədə keçirilməsi üçün səy göstərən hər kəsə təşəkkürüm bildirirəm.

Düşünürəm ki, hər il keçiriləcək bu Forum artıq dünyanın diqqətini cəlb edəcək. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Amma gələcəkdə bu forumlar mütəmadi keçirildikcə Şuşa həm də media məkanı kimi məşhurlaşacaq. Növbəti illərdə də bu Forumda azad söz, azad fikir, medianın gələcəyi ilə bağlı mülahizələrin səslənməsi üçün Şuşa ən gözəl məkan olacaq və dünyanın media mərkəzinə çevriləcək”.

Sədr, həmçinin, Qlobal Media Forumunun panellərinin maraqlı keçdiyini də vurğulayıb: “Doğrudur, ilk paneldə süni intellektin medianın gələcəyindəki rolu ilə bağlı bəzi fikirlər bizdə məyusluq doğurdu. Mən ənənəvi media təmsilçilərinin bir çoxunda bu ovqatı hiss elədim. Amma növbəti panellərdə TASS Agentliyinin baş direktor müavini Yuli Qusmanın fikirləri əbədi olaraq peşəkar jurnalistikaya hörmət və ehtiramın göstəricisi idi. O, əla-həzrət müxbir deyərək peşəkar jurnalistikanın qiymətini verdi. Qusman bildirdi ki, süni intellekt yaradıcı intellekti heç vaxt əvəz edə bilməz. Bu mənada peşəkar jurnalistikanın rolu həmişə əvəzsiz olaraq qalacaq.

Jurnalistlərin təhlükəsizliyi, media savadlılığı ilə bağlı keçirilən panellərdə də müsbət fikirlər səsləndi. Həm azərbaycanlı, həm də beynəlxalq jurnalistlər bir sıra problemləri müzakirə edərək gələcəklə bağlı fikirlərini səsləndirdilər. Hesab edirəm ki, bu Forum Azərbaycanın böyük uğurudur. Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən bu cür forumların ardıcıl və davamlı olmasının arzu edilməsi Qlobal Media Forumunun yüksək səviyyədə keçirilməsinin nəticəsidir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə