LAÇIN: İki il öncə və bu gün... TƏHLİL

27 sentyabr... İki il öncə Ermənistanın ölkəmizə qarşı təxribatlarına son qoyulması və işğal altında olan torpaqlarımızın geri alınması üçün İkinci Vətən Müharibəsinin başlandığı gün. Həmin günə qədər 30 il işğal altında olan torpaqlarımızdan biri də Laçın idi. 30 ilin əvvəlində - 18 may 1992-ci ildə silahsız, top-tüfəngsiz, təchizatsız ordumuzun mərd, igid oğullarının öz güclərinə mübarizəsinə baxmayaraq əlindən alınan Laçın. Əhalisi silah gücü ilə evindən-eşiyindən çıxarılan, öldürülən, ata-baba ocağından qovulan Laçın. 30 il nisgildən bağrı qan olan, fəryadı dağına-daşına sirdaş olan Laçın.

İki il öncəyədək yaslı, qara yaylıqlı idi Laçınımız. Doğmalarının yolunu gözləyirdi. Günlərin bir günü azad olunacağını gözləyirdi. Və iki il öncə həmin zaman gəlib çatmışdı. 1990-cı illərdə Laçının işğal olunduğu vaxtdan fərqli olaraq ötən illərdə inkişaf edən iqtisadiyyatımız hesabına güclənən ordumuz Laçını azad etməyə yollanmışdı. Bax, zaman belə yetişmişdi. 2020-ci ilin 44 günlük payızında işğaldan azad olunmuş torpaqlarımızın ardınca Laçın da azad oldu. 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Azadlığından dərhal sonra Laçında quruculuq, abadlıq işlərinə başlanıldı. Çünki Laçın çox strateji bölgədə yerləşir və o, Qarabağın digər bölgələrinin də abadlaşdırılması, soydaşlarımızın yaxın gələcəkdə evlərinə qayıtmaları üçün böyük əhəmiyyətə malikdir.

Bu gün Laçında dalğalanan üçrəngli bayrağımız Zəfərimizin rəmzidir

Laçın da 30 il işğal altında qalan torpaqlarımızın hər biri kimi, üçrəngli Azərbaycan bayrağını heç doyunca köksünə sıxa bilməmişdi. Çünki 90-cı illərdə müstəqilliyimizin bərpasından sonra işğal olunan bu yurdlarımız bayrağımızı görməyə macal tapmamışdı. Sovet rejiminin Azərbaycan bayrağı etdiyi bayraqla işğal olunmuş və o vaxt-bu vaxt bayrağımızın sorağını almaq üçün gözləri yollara dikilmişdi. Laçın oğullarını, o oğulların gətirəcəyi üçrəngli bayrağımızı gözləyirdi. Və belə də oldu. Laçın da azadlığına qovuşdu. İllərin kədərini, nisgilini atdı yaxasından. Ali Baş Komandanımızın və Milli Ordumuzun ona bəxş etdiyi azadlıqla yeni həyata qədəm qoydu. Abadlaşdırılmağa, dirçəldilməyə başladı.

Sentyabrın 21-də Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması xalqımıza növbəti qürur hissini bəxş etdi. Həmin gün Laçının işğaldan azad olunduğu günün sevincini eynilə təkrar yaşadıq. Qürur duyduq, fəxr etdik.

Dövlətimizin başçısı: Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır.

Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir...

Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir. Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefi, ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Laçın və Kəlbəcər rayonları 1990-cı illərin əvvəllərində işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cü il aprelin əvvəlində işğal altına düşmüşdü və beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar. Ancaq sonra hiss etdilər ki, artıq bunların cinayəti cəzasız qalır, burada qanunsuz inşaat işlərinə başladılar, o cümlədən Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində.

Onu da bildirməliyəm ki, 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır.

Kəlbəcər və Laçını birləşdirən yollar

Laçının yollarından başlandı quruculuq işləri. Çünki 30 ildə bu yollar tamamilə yararsız vəziyyətə düşmüşdü. Düşmən bilirdi ki, bu torpaqların sahibləri gələcək və bir gün onları geri alacaq. Bu səbəbdən də rayon və şəhərlərimizi söküb satıb-sovmuş, daşı daş üstündə qoymamışdı. Laçına azadlığı kimi, abadlıq bəxş edən dövlətimizin başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu böyük əhəmiyyətə malik olacaqdır. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun uzunluğu 72,8 kilometr, hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq, 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Sentyabrın 21-də dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə də tanış olmuşdur.

Dövlətimizin başçısına yeni inşa olunan tunel barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.

Məlumat verilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.

Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün təməlin hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi borunun inşası işləri davam etdirilir.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

Qarabağ və Şərqi Zəngəzur nura boyanır

Laçın azadlığından dərhal sonra işıqlandırılmağa başlandı. Çünki onun qaranlıqdan çıxmaq zamanı idi. Özü günəşin doğmasına artıq icazə verilmişdi. Biz isə onun elektrik enerjisi təminatını yaxşılaşdırmalı idik.

Laçının nura boyanması ötən ilin fevral ayında Güləbirddə Su Elektrik Stansiyasının istifadəyə verilməsi ilə başlandı. Stansiyanın açılışında iştirak edən Prezident İlham Əliyev: ”... Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”.

Laçının nura boyanması üçün görülən işlərin davamı 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasıdır. Perspektivdə Laçın dəhlizində 110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikilməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək.

Ən əsası odur ki, Laçın şəhərindən Güləbird istiqamətində “Qubadlı” yarımstansiyasına ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Sentyabrın 21-də Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.

Bildirilmişdir ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq.

Ay Laçın, can Laçın...

Sentyabrın 21-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Laçından paylaşdığı “Ay Laçın, Can Laçın 21.09.22” adlı video isə həmin günün qüruruna yeni bir rəng qatdı. Qürurumuzu ikiqat artırdı.

Dünyada gedən müharibələr fonunda dövlətimizin başçısının iki il öncə düşməndən azad olunan Laçın şəhərini gəzməsi, burada daha hansı işlərin görülməsi üçün layihələrə baxması ölkəmizin qüdrətindən xəbər verirdi.

İki il öncə Laçın azad olunan gün yaşadığımız sevinci, qüruru yenidən yaşadıq həmin gün. Qürur duyduq ki, Laçın azaddır. Qürur duyduq ki, torpaqlarımızı düşməndən azad edən Ali Baş Komandanımız indi də dövlətimizin rəhbəri kimi Laçının yenidən qurulmasını planlaşdırır.

Bu video qəlbimizdə Laçına yazılan o məşhur mahnını səsləndirdi. Həqiqətən də gözəlliyi, inkişafı haqq edən Laçın can Laçınımız, canımızın qurban olduğu Laçınımızdır. Onu bizə bəxş edən və bu gün yenidən qurub-yaradan dövlətimizin başçısı isə bizim əbədi rəhbərimiz, “dəmir yumruğ”u ətrafında birləşdiyimiz əbədi liderimizdir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə