III Çarlzın tacsız sikkələri basıldı

BBC və “British Mint”in yazdıqlarına görə...

Kraliça II Yelizavetanın (Elizabeth) ölümündən sonra taxta çıxan İngiltərə kralı III Çarlzın (Charles) portreti olan ilk sikkələr hazırlandı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BBC xəbər verir ki, yeni kralın portretinin əks olunduğu sikkələrin bir neçə həftə ərzində dövriyyəyə buraxılması gözlənilir.

Britaniyalı heykəltəraş Martin Cenninqsin (Martin Jennings) çəkdiyi portretə əsasən ilk 50 penslik sikkələr zərb edilib. Sikkələrdə Kraliça II Yelizavetadan fərqli olaraq, Kral Çarlz İngiltərənin digər kralları kimi tacsızdır.

“British Mint” xəbər verir ki, 50 pens gələn həftədən kolleksiyaçılar üçün satışa çıxarılacaq və ilin sonuna qədər ümumi istifadəyə veriləcək.

Kraliça II Yelizavetanın portreti olan sikkələr dövriyyədən çıxarılmayacaq, bundan sonra da istifadə ediləcək.

Qeyd olunub ki, III Çarlzın portreti 2023-cü ilin əvvəlindən 1 pensdən 2 funt-sterlinqə qədər bütün sikkələrin üzərində basılacaq.

Xatırladaq ki, İngiltərə kraliçası II Yelizaveta sentyabrın 8-də yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində dünyasını dəyişib. Bukinqem Sarayı Kraliça Yelizavetanın ölümündən sonra eyni gün şahzadə Çarlzı İngiltərənin kralı elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə