Dünya əhalisinin sayı 10 milyarda çatmayacaq...əksinə azalacaq

Avstriyanın “Wittgenstein” adına Demoqrafiya və Qlobal İnsan Kapitalı Mərkəzinin ekspertləri Yer kürəsi əhalisinin sayının 10 milyardı keçə bilməyəcəyini proqnozlaşdırıblar.

TASS-ın “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, ekspertlərin fikrincə, azalma 2070-ci illərdə təxminən 9,6 milyarda çatdıqdan sonra başlayacaq. SİA bu barədə rus saytlarına istinad edir.

Xatırladaq ki, bundan əvvəl BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti 2022-ci il noyabrın 15-də Yer kürəsində insanların sayının 8 milyarda çatacağını bildirərək alternativ bir fikir təqdim etmişdilər. Belə ki, mütəxəssislərin fikrincə, 2080-ci illərdə Yer kürəsində əhalinin pik həddi - 10,4 milyard nəfər gözlənilir. Göstərici 2100-cü ilə qədər bu səviyyədə qalacaq, sonra isə... azalmağa başlayacaq.

“...BMT hər bir ölkə üçün tarixi tendensiyalardan istifadə edərək əhalinin sayını proqnozlaşdırır. Onun modellərinə formal olaraq daxil edilməyən mühüm amillər təhsilin səviyyəsi və səhiyyənin keyfiyyətidir”.

Qeyd edək ki, bu sözləri Avstriya Demoqrafiya Mərkəzinin direktoru Volfqanq Lutz deyir.

Onun fikrincə, bu amillərin nəzərə alınması Afrika və Asiyada əhalinin artım tempinin BMT-nin proqnozlaşdırdığından aşağı olacağı qənaətinə gəlməyə əsas verir.

Maraqlıdır ki, Lutz həmçinin Çində əhalinin artımında daha nəzərəçarpacaq azalma gözlədiyini söyləyir. O, təklif edir ki, əgər doğum əmsalı bir qadına 1,5 uşaqdan aşağı düşərsə, o zaman bu səviyyədə də qalacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə