İtaliyanın Apuliya (Puqlia) əyalətinin cənubunda yerləşən Preziçe qəsəbəsində əhali sayının azalması ilə mübarizə aparmaq üçün yeni kampaniya başladılıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qəsəbədəki tərk edilmiş evləri almağa razı olanlara 30 min avro ödənəcək.
Qəsəbədəki evlərin çoxu uzun müddətdir sahibləri tərəfindən tərk edilib. Şəhərin tarixi mərkəzində isə 1991-ci ildən əvvəl tikilmiş çox sayda boş ev var. Tərk edilmiş evlərə köçmək istəyənlərə ödənəcək 30 min avronun bir hissəsi evi almağa, qalanı isə təmir üçün nəzərdə tutulub. Hazırda qəsəbədə evlərin orta qiyməti 25 min avrodur.
Yaxın həftələrdə kampaniya ilə bağlı müraciətlərin qəbul ediləcəyi bildirilib.
Qeyd edək ki, İtaliyanın bir çox şəhərinin rəhbərliyi yaşlı əhalinin sayının azalması, doğum səviyyəsinin aşağı olması və gənclərin böyük şəhərlərə üz tutması səbəbindən əhali sayındakı itki ilə mübarizə aparmaq üçün müxtəlif kampaniyalarla insanları həmin ərazilərdə məskunlaşmağa cəlb etməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB